Bəzi ixtisaslarda keçid balları aşağı düşəcək
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verib.
Modern.az-ın məlumatına görə, sədr bildirib ki, 600-dən yuxarı bal toplayan abituriyentlər öz prioritetlərini düzgün müəyyənləşdirməlidirlər:
“Sistem mexaniki səhvlərdən qoruyur və abituriyenti topladığı bala uyğun ixtisasa yerləşdirir. Arzu və imkanlar düzgün qiymətləndirilməli, seçim statistika əsasında aparılmalıdır”.
O qeyd edib ki, ilk siyahıda abituriyentin ən çox istədiyi ixtisaslar yer almalıdır, ikinci siyahı isə real nəticələrə əsaslanaraq tərtib edilməlidir.
M.Abbaszadə həmçinin vurğulayıb ki, bu il ali məktəblərə 60 mindən çox plan yeri təqdim olunub:
“Gözlənilir ki, bəzi ixtisaslarda keçid balları ötən illə müqayisədə təxminən 10 bal aşağı düşəcək. Məsələn, ötən il 650 balla keçilən bir ixtisasa bu il 639-640 balla qəbul mümkün ola bilər”.
Mənbə: Modern.az