Bolqarıstanda “Şuşa” parkı salınacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasına işgüzar səfərdədir.

Komitədən Modern.az-a bildirilib ki, səfər çərçivəsində fevralın 11-də paytaxt Sofiya şəhərində komitə sədri Anar Quliyevin Bolqarıstan Respublikasının regional inkişaf və ictimai işlər naziri İvan İvanov ilə ikitərəfli görüşü baş tutub. Görüşdə iki ölkə arasında şəhərsalma, ərazi planlaşdırılması, infrastrukturun inkişafı və memarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Anar Quliyev Azərbaycan ilə Bolqarıstan arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini vurğulayaraq, ikitərəfli əlaqələr baxımından qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi prosesinin davam etdirilməsinin və ortaq layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin əhəmiyyətini qeyd edib.

Nazir İvan İvanov isə öz növbəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirərək, xüsusilə şəhər mühitinin dayanıqlı inkişafı və infrastruktur layihələrinin icrası istiqamətində birgə təşəbbüslərin önəmini vurğulayıb.

Həmçinin səfər çərçivəsində komitə sədri Anar Quliyev ilə Bolqarıstan Respublikasının xarici işlər naziri Georg Georgiyev arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan-Bolqarıstan münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, regional əməkdaşlıq məsələləri, eləcə də mədəni-humanitar əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Şuşa” parkı layihəsinin iki ölkə arasında mədəni və diplomatik münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyi bildirilib. Qeyd edilib ki, bu sənəd “Şuşa” parkının salınması və yenidən qurulması istiqamətində tərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqi əsasını müəyyən etməklə yanaşı, iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İkitərəfli görüşlərdə cari ilin may ayında Bakı şəhərində baş tutacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının formatı, xüsusiyyətləri və təşkilati məsələləri barədə də məlumat verən Anar Quliyev Bolqarıstan tərəfinin tədbirdə geniş iştirakçılığına dair ümid ifadə edib.


Mənbə: Modern.az

Bir cavab yazın