Eyüpsultanda Ramazan səhəri: Xalçaların udduğu addım səsləri – FOTOLAR

İbrahim Nəbioğlu

Ramazan ayıdır. Günəşli bir həftə sonu səhəri.

İstanbulun məşhur Eyüp Sultan camisinin həyətindəyik.

Orucluq günlərində bu məkan tamam başqa bir ruhani havaya bürünür. Bir azdan burada insan əlindən tərpənmək olmayacaq. Günəş səxavətlə şüalarını saçsa da hava hələ də qışın izlərini saxlayır – sərin və təmizdir.

Eyüp Sultan məscid olmaqla bərabər həm də İstanbulun mənəvi yaddaşı, onun tarixidir.

Bu məkan İslam tarixinin ən hörmətli simalarından biri olan Eyüp Sultanın – Əbu Əyyub əl-Ənsarinin (vəfatı 672) məzarı üzərində qurulub. O, Məhəmməd Peyğəmbərin Mədinəyə hicrəti zamanı Peyğəmbəri öz evində qonaq edən səhabə idi. Ömrünün son illərində – artıq təxminən 90 yaşlarında – Konstantinopol yürüşünə qatılır və şəhər divarları yaxınlığında xəstəlikdən vəfat edir. Əbu Əyyub əl-Ənsari biliyi, sədaqəti və vəhy katibliyi ilə tanınan Peyğəmbər səhabələrindən biri idi.

1453-cü ildə İstanbul fəth ediləndən sonra onun məzarı Fatih Sultan Mehmedin müəllimi, əslən Azərbaycan türkü olduğu iddia edilən böyük alim və təbib Akşemseddin tərəfindən kəşf edilir. Fatihin əmri ilə burada böyük bir külliyə – məscid, mədrəsə, imarət və türbə tikilir. O gündən bəri Eyüp Sultan Osmanlı sultanlarının taxta çıxarkən qurşandıqları (cülus), dua etdikləri və İstanbulun ən müqəddəs ziyarət məkanlarından biri sayılan yerə çevrilir.

Cami klassik Osmanlı memarlığının sakit və təmkinli gözəlliyini daşıyır.

Ağ daş divarlar. İncə minarələr. İçəriyə süzülən yumşaq işıq.

Avluda əsrlərin sükunəti hökm sürür. Şadırvandan axan suyun səsi quşların səsinə qarışır. Elə bil İstanbul tarixinin nəfəsi bu divarların içində gizlənib.

Caminin içinə daxil olanda sanki hər şey bir az yavaşlayır.

Qədim xalçalar izdihamın addım səslərini udur.

Yuxarıda böyük günbəz. Divarlarda incə xəttatlıq lövhələri.

Pəncərələrdən süzülən yumşaq işıq.

İnsan burada istər-istəməz başqa bir ruh halına köklənir.

İranın bombalamasından bir neçə gün keçib. Bu vəhşi və ədalətsiz savaşın ölkəmizdən yan keçməsi üçün dua edirəm. Yoldaşım türbənin içində ikən mən bir neçə foto çəkirəm.

Caminin ətrafında saysız-hesabsız dükanlar var. Bəzilərinin yaşı yüz ildən çoxdur. Buraya hər gəlişimizdə mütləq Acve xurması alırıq. “Peyğəmbər xurması” kimi tanınan bu xurma Mədinə bölgəsində yetişir. Rəngi tünd qaradır, dadı isə dərin və yumşaqdır. İslam ənənəsində xüsusi yeri var. Oruc tutanların çoxu iftarı məhz bu xurma ilə açmağı sünnə hesab edir.

Ramazan pidesi isə Osmanlıdan qalan qədim bir ənənədir. İftar süfrəsinin ayrılmaz simvollarından biridir. Yumşaq xəmir, üzərinə səpilmiş küncüt və çörəyin üstündə tor şəkilli naxışlar…

İftara yaxın saatlarda İstanbulun küçələrini pide qoxusu bürüyür və insanlar uzun növbələrdə gözləyirlər. Amma nədənsə Eyüp Sultan ətrafında bişən pidenin dadı başqa olur. Sanki bu məkanın mənəvi havası çörəyə də hopur. İftar saatına qədər soyusa belə, buradan pide almadan ayrılmaq mümkün deyil.

Bir də Güllaç var – Ramazan ayının ən zərif desertlərindən biri. Nişastalı incə vərəqlər südlə yumşaldılır, arasına qoz qoyulur, üzərinə nar dənələri səpilir. Yüngül və sərin dadına görə iftar süfrəsinin ən incə nemətlərindən sayılır.

Buraya dəfələrlə gəlməyimizə baxmayaraq, cami ətrafındakı qədim tikililəri və xüsusilə tarixi qəbirstanlığı yenə gəzirik. Buradakı məzarların çoxu 400-500 illikdir. Hər biri sanki daşdan yazılmış bir tarix səhifəsidir.

Osmanlı qəbirstanlıqlarının qəribə bir mistikası var.

Uzun, incə məzar daşları.

Üstlərində xəttatların həkk etdiyi ayələr.

Və ən maraqlısı — başı papaqlı məzar daşları.

Bu qəbirstanlıqda gəzərkən insan tezliklə anlayır ki, məzar daşının başındakı papaq sadəcə bəzək deyil. O, mərhumun kimliyini bildirən bir işarədir. Osmanlı məzar daşlarının ən xarakterik xüsusiyyəti də məhz budur. Daşın başındakı sarıq və ya kavuk mərhumun kim olduğunu sanki pıçıldayır. Böyük sarıqlı başlıqlar çox vaxt alimlərin, qazilərin və dövlət adamlarının məzarlarına məxsusdur. Papağın forması bəzən onun hansı dövrdə yaşadığını da göstərir.

Osmanlı modası dəyişdikcə bu daşların dili də dəyişib. 19-cu əsrə doğru bəzi məzar daşlarında artıq fes görünür. Sanki imperiyanın son əsrlərinin nəfəsi bu qırmızı başlıqda daşlaşmışdır. Uzun, sarıqsız silindrik papaqlar isə Mevlevi dərvişlərinə məxsusdur. Bu papaq sema edən dərvişlərin başındakı məşhur “sikke”nin daşdakı əbədiləşmiş formasıdır.

Beləcə bu məzar daşları sadəcə qəbirlər deyil. Onlar Osmanlı cəmiyyətinin sosial xəritəsidir. Burada alimlər var, sufilər var, dövlət adamları var, tacirlər var. Hər biri bir zamanlar İstanbulun küçələrində gəzmiş, bu şəhərin havasını udmuş insanlardır. Bəlkə də həyatda olarkən vəzifəsi böyük olduğu üçün tacirə və ya dərvişə salam belə verməyənlər olub. Amma indi hamısı bu qədim bağçada yan-yana, eyni sükutun içində yatırlar.

Qəbirstanlıqda dolaşarkən böyük metropolun səs-küyünün buraya çatmadığını hiss edirəm. Uzaqdan yalnız quşların səsi gəlir. Köhnə daşların kölgəsi torpağın üzərində uzun xətlər kimi uzanır.

Burada əsrlərin sakitliyi hökm sürür.

Elə bil zaman bir az daha yavaş axır.

Dayanıb foto çəkirəm.

Hər daşın üzərində bir yazı var.

Hər papaqlı məzar daşı bir insanın taleyini, bir dövrün nəfəsini, bir imperiyanın yaddaşını daşıyır.

Bütün bu səssiz xatirələrin ortasında Eyüp Sultan dayanır – sakit, məğrur və ehtişamlı.

Ramazan səhərinin nurunda parlayan bu məkan sanki İstanbulun ruhunun özüdür.

7 mart 2026


Mənbə: Modern.az

Bir cavab yazın