Zikh icması və digər etnik qruplar təqib olunur
Bakı Təşəbbüs Qrupu (BTQ) və Zikh Federasiyası Cenevrə Mətbuat Klubunda Hindistan hökuməti tərəfindən zikh icması və digər etnik qruplara qarşı həyata keçirilən transmilli təqibləri özündə əks etdirən “Indian Transnational Repression” adlı hesabatı təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə BTQ-dən məlumat verilib.
Qeyd olunub ki, təqdimat mərasimində Cenevrə Mətbuat Klubunun baş direktoru, o cümlədən beynəlxalq hüquq üzrə mütəxəssislər, insan hüquqları müdafiəçiləri və dünyanın aparıcı media qurumlarından olan BBC və AFP, həmçinin digər media nümayəndələri iştirak edib.
58 səhifəlik hesabat faktlar əsasında Hindistan hökumətinin xarici ölkələrdə yaşayan zikh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi sistemli təzyiq mexanizmlərini təqdim edir. Hesabatda vurğulanır ki, Hindistan hakimiyyəti xaricdəki tənqidi səsləri susdurmaq üçün zorakılıq, izləmə, hədə-qorxu gəlmə, təhdid və digər siyasi təqib vasitələrindən istifadə edir.
Təqiblərə məruz qalmış zikh nümayəndələri şəxsi təcrübələrini bölüşərək Hindistan hökumətinin uzunmüddətli və məqsədli basqı siyasətini praktiki misallarla izah ediblər. Hazırkı Hindistan hökuməti üçün istənilən fərqli düşüncənin düşmənçilik kimi qəbul edildiyi və cəzalandırılmasına çalışıldığı xüsusi vurğulanıb. Hindistanın bu siyasi xətti qorxu və vahimə yaratmağa hesablanmış təzyiq modelidir.
Sənəddə yer alan ən sarsıdıcı nümunələrdən biri 18 iyun 2023-cü ildə Kanadada Hardeep Singh Nijjarın qətlə yetirilməsi ilə bağlıdır. Hesabatda bildirilir ki, Nijjar bundan əvvəl Kanada təhlükəsizlik qurumları tərəfindən həyatına real təhlükə olduğu barədə xəbərdar edilmişdi. Qətldən sonra Kanadanın Baş naziri Hindistan hökumətinin bu qətldə rolu olduğunu bəyan edib. Hesabatda həmçinin Hindistan diplomatlarının Kanada və digər ölkələrdə zikh fəallarına qarşı zorakılıq, hədə-qorxu və qorxu atmosferi yaratmaq məqsədi daşıyan fəaliyyətlərinə geniş yer verilir.
Bundan əlavə, hesabatda göstərilir ki, 2023-cü ilin noyabrında ABŞ Ədliyyə Nazirliyi zikh fəalı Gurpatwant Singh Pannunun öldürülməsi planı ilə bağlı ittiham irəli sürüb. Bu plan Hindistanın təhlükəsizlik və kəşfiyyat strukturları ilə əlaqələndirilən şəxslər vasitəsilə hazırlanıb. Bu xüsusda sənəddə bu işdə adı keçən vasitəçi Nikhil Guptanın muzdlu qətl və çirkli pulların yuyulması ilə bağlı ittihamlar üzrə özünü təqsirli bildiyi vurğulanır.
Hesabat Böyük Britaniyada da zikh fəallarına qarşı təzyiqlərin artdığını göstərir. Qeyd edilir ki, Londonda Hindistanın Ali Komissarlığı qarşısında keçirilən etirazlardan sonra Hindistanın Milli İstintaq Agentliyi ilə əlaqələndirilən addımlar intensivləşib. Böyük Britaniyada yaşayan onlarla zikh dissidentinin Hindistandakı evlərində reydlər keçirilib, onların yaxınları istintaqa cəlb olunub. Hesabatda bu addımların xaricdəki fəalları susdurmaq üçün ailələr üzərindən qurulan təzyiq mexanizminin tərkib hissəsi olduğu bildirilir.
Hindistan hökumətinin sözügedən siyasətinin ən son nümunələrindən biri BTQ-nin bu ilin yanvar ayında sinqhlərin ədalətli mübarizəsinə dəstək məqsədilə təşkil etdiyi “Hindistanda sinqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransdan sonra müşahidə olunub. Belə ki, tədbirin ardınca Kanada Zikh Federasiyasının sədri Bual Moninder Singh və onun ailəsi ölüm təhdidləri alıb.
Tədbir iştirakçıları Hindistan hökumətinin transmilli repressiya siyasətinin ifşasında və təqiblərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında oynadığı fəal rola görə Bakı Təşəbbüs Qrupuna xüsusi təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, BTQ-nin prinsipial mövqeyi və ardıcıl fəaliyyəti insan hüquqlarının kobud şəkildə pozulmasına qarşı beynəlxalq mübarizəyə mühüm töhfələr verir.
Maraqlıdır ki, müxtəlif platformalar üzərindən canlı yayımlanan mətbuat konfransı kiberhücumlara məruz qalıb və canlı yayım dəfələrlə kəsilib, tədbir məkanında internet kəsilib (Report).
Mənbə: Modern.az
