Abituriyentlərin nəzərinə: sizi qarşıda gərgin mübarizə gözləyir
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart və 15 martda keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Belə ki, 9 mart tarixində keçirilmiş imtahanlarda 3 nəfər, 15 mart tarixində keçirilmiş imtahanlarda isə 9 nəfər maksimum nəticə əldə edib. Bu kontekstdə əsas diqqət bu nəticələrin əvvəlki illərlə müqayisədə necə fərqləndiyini və ümumi mənzərənin abituriyentlər arasında rəqabətə hansı formada təsir edəcəyinə yönəlir.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarında 11 nəfərin maksimal nəticə göstərməsi bəzi çevrələrdə aşağı göstərici kimi qiymətləndirilsə də, bu yanaşma düzgün deyil. Onun sözlərinə görə, qəbul prosesində əsas amil ümumi nəticələr və iştirakçıların göstəriciləridir:
“Bu il 200 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı kifayət qədər çoxdur. Bu isə ixtisas qruplarında rəqabətli və gərgin mübarizə olacağını deməyə əsas verir. Hazırda konkret ixtisas qrupları üzrə proqnoz vermək tezdir. Qarşıda blok imtahanları var və məhz həmin mərhələ həlledici rol oynayacaq”.
Ekspert xatırladıb ki, mayın 24-də II və III ixtisas qrupları, iyunun 7-də isə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək:
“Həmin nəticələrdən sonra ilkin fikir formalaşdırmaq və daha dəqiq proqnoz vermək mümkün olacaq. Ümumilikdə ərizə qəbuluna baxdıqda isə müşahidə etmək mümkündür ki, yenə də ixtisas qrupları üzrə müraciət sayı plan yerlərini üstələyir və bu artım davam edir. Bu da abituriyentlər arasında rəqabətin daha da kəskinləşəcəyini göstərir”.
Təhsil eksperti Ramin Nurəliyev isə buraxılış imtahanlarının çətinlik səviyyəsinin artmasına diqqət çəkib:
“Rəsmi açıqlamalarda bu məqam təkzib olunsa da, real nəticələr fərqli mənzərə ortaya qoyur. Maksimal bal toplayanların sayı ötən il 45 nəfər olduğu halda, bu il 11 nəfərdir. Bu fərq sualların daha çətin olduğunu göstərir. Buraxılış imtahanlarının çətin olması isə arzuolunan hal deyil, çünki burada yalnız ali məktəbə hazırlaşanlar deyil, attestat almaq və ya kolleclərə qəbul olmaq istəyənlər də iştirak edir”.
R.Nurəliyev əlavə edib ki, blok imtahanlarında müəyyən çətinlik səviyyəsinin olması qəbul ediləndir:
“Əgər blok imtahanlarının çətinlik səviyyəsi ötən il ilə eyni olarsa, bu zaman keçid ballarında enməsi gözlənilir. Müxtəlif ixtisas qruplarında təxminən 20-50 bal intervalında enmə ehtimalı var. Xüsusilə V ixtisas qrupunda buraxılış imtahanlarının rolu böyük olduğundan burada da balların düşəcəyi istisna edilmir. Ümumilikdə, blok imtahanlarının səviyyəsi isə yekun nəticələrə birbaşa təsir göstərəcək”.
Mənbə: Modern.az
