Allahşükür Paşazadə yeni patriarxı təbrik etdi

Qafaqaz müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşzadə Bütün Gürcüstanın Patriarxı III Şioya təbrik məktubu ünvanlayıb.

Modern.az-a QMİ-dən verilən məlumata görə, məktubda deyilir:

“Azərbaycan dindarları adından və şəxsən öz adımdan Sizin Bütün Gürcüstanın Katolikos-Patriarxı seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram. Zati-Müqəddəsləri, Yarım əsrə yaxındır ki, məni Sizin unudulmaz sələfiniz, gürcü xalqının Böyük Ruhani Lideri, mərhum Katolikos-Patriarxı II İlya ilə səmimi dostluq və qardaşlıq əlaqələri bağlıyırdı. Bu əlaqələrdən ilhamlanaraq, biz həmişə iki qonşu və dost xalqımız və dövlətlərimiz arasında mövcud olan hərtərəfli əlaqələrin, xüsusən də mənəvi və dini sahələrdə yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırdıq. Şübhəsizdir ki, mərhum Patriarx Sizə böyük etimad və etibar göstərirdi. Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurası tərəfindən Sizin Katolikos-Patriarx seçilməyiniz isə bu etimadın və etibarın bütün gürcü ruhanilərinin və gürcü xalqının mövqeyini əks etdirdi. Buna görə də mən əminəm ki, onun layiqli varisi olaraq ZatiMüqəddəsləriniz Gürcüstan və Azərbaycan arasında nümunəvi dini və mənəvi münasibətlərin, eləcə də xalqlarımız arasında səmərəli əməkdaşlığın qorunması və daha da inkişaf etdirilməsi üçün səylərinizi əsirgəməyəcəksiniz. Xatırlatmaq istərdim ki, dövlətlərimiz öz müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycanı ziyarət edən ilk xristian dini lider məhz Bütün Gürcüstanın KatolikosPatriarxı II İliya olmuşdu. Fürsətdən istifadə edərək, Sizi Azərbaycana dəvət etməkdən qürur duyuram. Zati-Müqəddəslərinizi əmin etmək istəyirəm ki, bu səfəriniz Azərbaycandakı bütün dindarlar tərəfindən səmimi sevinclə qarşılanacaq və şəxsən mənim üçün böyük şərəf olacaq. Uca Yaradandan Zati-Müqəddəslərinizə qardaş Gürcü xalqının rifahı naminə müqəddəs Patriarx fəaliyyətinizdə xeyir-dualar diləyirəm. Xahiş edirəm, ən yüksək hörmətimi qəbul edin”.

Xatırladaq ki, ötən gün Gürcü Pravoslav Kilsəsinin yeni başçısı – katolikos-patriarxı mitropolit Şio seçilib. Onun taxtaçıxma mərasimi bugün keçirilib.


Mənbə: Modern.az

Bir cavab yazın