Magistraturaya qəbul imtahanı keçiriləcək
İyunun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan Bakı, Sumqayıt və Abşeron olmaqla 3 şəhər və rayonda, ümumilikdə 63 binada təşkil olunacaq.
DİM-in məlumatına görə, imtahan nəticələri iki mərhələdə elan ediləcək. İmtahandan 2-3 gün sonra qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri açıqlanacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim ediləcək.
Xatırladılıb ki, magistraturaya qəbul üçün ərizələrin qəbulu mayın 21-23-də internet vasitəsilə aparılıb. İmtahanda iştirak etmək üçün 15 719 bakalavr müraciət edib. Onlardan 14 612 nəfər Azərbaycan, 1107 nəfər isə rus bölməsi üzrə imtahan verəcək.
Müraciət edənlərdən 10 632 nəfəri cari ilin, 5087 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İştirakçılar arasında 35 xarici ölkə vətəndaşı da var.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci cəhdi mayın 17-də keçirilsə də, əlverişsiz hava şəraiti ilə əlaqədar yaranmış fors-major vəziyyət nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıtda imtahanın ikinci cəhdinin təkrar keçirilməsi barədə DİM tərəfindən qərar qəbul olunub. Bu səbəbdən təkrar imtahan iyunun 14-də təşkil ediləcək.
Mənbə: Modern.az
