Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? – VİDEO
“Azərbaycanda 2010-cu ildən başlayaraq bir çox beynəlxalq fənn olimpiadaların qalibləri imtahansız olaraq istədikləri fakültələrə qəbul oluna bilirlər. Bu, təhsil qanunvericiliyimizdə də nəzərdə tutulub”.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Trend” Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibəsində bildirib.
“2019-cu ildən etibarən ölkə fənn olimpiadalarının qalibləri də həmin fənn üzrə istədikləri ixtisasa imtahansız qəbul olunurlar. Eyni zamanda müxtəlif beynəlxalq müsabiqələrin qalibləri də öz sahələrinə uyğun ixtisaslara qəbul zamanı bu imtiyazdan yararlana bilirlər. Məsələn, musiqi sahəsində qalib olmuş bir şəxs həmin istiqamət üzrə qəbul oluna bilər, lakin tibb universitetinə imtahansız qəbul nəzərdə tutulmur. Yəni bu imtiyaz yalnız uyğun sahələrə aiddir və qaydalarda açıq şəkildə göstərilib.
Digər bir məsələ isə məktəbdaxili qiymətləndirmə ilə bağlıdır. Şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur. Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Siz bilirsiniz ki, buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən yaxşı nəticə göstərən şagirdə yüksək qiymət verə bilər və bu, normal bir yanaşmadır. Lakin məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur. Buna baxmayaraq, biz hər il bu müqayisəli cədvəlləri dərc edirik. Məsələn, məktəbdə “5” alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki, məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənlərdən get-gedə düzgün aparılır”.
Mənbə: Modern.az
