Şimali Kıbrıs müstəqilliyinin tanınmasını istəyir

Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) parlamentinin sədri Ziya Öztürkler İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (PUIC) 20-ci sessiyasında Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və maraqlarına daha güclü dəstək verilməsinə çağırıb.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin ev sahibliyi ilə keçirilən PUIC-in 20-ci sessiyasında ŞKTC parlamentinin sədri Ziya Öztürkler deyib.

O, çıxışında İslam coğrafiyasının müxtəlif bölgələrində, xüsusilə Qəzza və Fələstində ağır humanitar böhranların yaşandığını vurğulayıb. Öztürkler mülki şəxslərə və uşaqlara qarşı hücumları qətiyyətlə pislədiyini bildirərək, İslam ölkələrinin bu məsələdə vahid və qətiyyətli mövqe sərgiləməsinin vacibliyini qeyd edib.

ŞKTC parlamentinin sədri Kıbrıs türk xalqının onilliklərdir siyasi, iqtisadi, idman, mədəni və sosial sahələrdə dünyadan təcrid olunmuş şəkildə yaşamağa məcbur edildiyini bildirib. O xatırladıb ki, son 50 ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Kıbrıs türk xalqına qarşı haqsızlıqların aradan qaldırılması və onların beynəlxalq ictimaiyyətlə daha güclü əlaqələr qurması üçün bir sıra mühüm qərarlar qəbul ediblər.

“Qardaş ölkələrdən gözləntimiz Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası, iqtisadi, idman və mədəni əlaqələrin inkişafı istiqamətində daha konkret addımların atılmasıdır”, – deyə Ziya Öztürkler vurğulayıb.

O, Kıbrıs məsələsində ədalətli və dayanıqlı həll yolunun adadakı mövcud reallıqların, yəni iki ayrı suveren dövlətin qəbulundan keçdiyini bildirib. Öztürkler qeyd edib ki, Kıbrıs türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması qalıcı həllin əsas şərtidir.

ŞKTC parlamentinin sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da Kıbrısda iki dövlətli həll modelinə verdiyi dəstəyə görə təşəkkür edib.


Mənbə: Modern.az

Bir cavab yazın