Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası
Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik bayramlardan biri olan 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bu əlamətdar gün Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna rol oynayan milli ordumuzun yaranmasını və inkişafını ifadə edir. Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biri hesab olunur və əldə olunan bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası dayanır.
Azərbaycan milli ordusunun formalaşması prosesi mürəkkəb və məsuliyyətli mərhələlərdən keçmişdir. Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək milli hərbi kadrların hazırlanmasını prioritet məsələlərdən biri kimi müəyyən etmişdi. O dövrdə SSRİ-də hərbi təhsil almaq və yüksək rütbəli zabit olmaq azərbaycanlı gənclər üçün kifayət qədər çətin idi. Lakin Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə mühüm dönüş yarandı.
1971-ci ildə Ulu Öndər böyük səylər və qətiyyət nümayiş etdirərək Azərbaycanda hərbi kadrlar hazırlayan xüsusi təhsil müəssisəsinin yaradılmasına nail oldu. Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması milli hərbi kadr potensialının formalaşdırılmasında mühüm rol oynadı. Bu təhsil ocağı yüzlərlə gəncin hərb sənətinə marağını artırdı, onların vətənpərvərlik ruhunda yetişməsinə və peşəkar zabit kimi formalaşmasına şərait yaratdı.
Cəmşid Naxçıvanski adına hərbi liseyin fəaliyyəti qısa müddətdə öz bəhrəsini verdi. Məzunların bir çoxu sonradan Azərbaycanın Silahlı Qüvvələrində yüksək vəzifələrdə xidmət göstərdi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfələr verdi. Bu məktəb milli zabit korpusunun əsas təməl daşlarından biri hesab olunur. Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində və Bakı Ali Hərbi Dənizçilik Məktəbində təhsil alması üçün geniş imkanlar yaradıldı. Bununla yanaşı, SSRİ-nin müxtəlif nüfuzlu hərbi akademiyalarına və ali hərbi məktəblərinə azərbaycanlı gənclərin güzəştli şərtlərlə qəbul olunması təmin edildi. Nəticədə minlərlə azərbaycanlı peşəkar hərbi təhsil aldı və gələcək müstəqil Azərbaycanın ordusu üçün etibarlı kadr bazası formalaşdı.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ciddi təhlükələrlə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi böhran və nizami ordunun olmaması dövlətin təhlükəsizliyi üçün böyük risk yaradırdı. Məhz belə mürəkkəb bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etdi. Heydər Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələrin formalaşdırılması sürətləndirildi, hərbi intizam gücləndirildi və orduda peşəkarlığın artırılması istiqamətində mühüm addımlar atıldı. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi təhsilin inkişafı və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi də bu siyasətin mühüm tərkib hissəsinə çevrildi.
1998-ci il mayın 22-də Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixli qərarı əsas götürülərək 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bu qərar milli hərbi ənənələrin yaşadılması və ordunun cəmiyyət həyatındakı rolunun daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun missiyasını və dövlətimizin müdafiə siyasətinin mahiyyətini hər zaman aydın şəkildə ifadə etmişdir. Onun fikrincə, güclü ordu heç də işğalçılıq məqsədlərinə xidmət etməməli, ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın təhlükəsizliyinin təminatçısı olmalıdır. Ulu Öndər deyirdi: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq.” Bu dərin məzmunlu fikirlər Azərbaycan dövlətinin müdafiə strategiyasının əsas prinsiplərini əks etdirir və bu gün də ölkəmizin hərbi siyasətinin ideoloji əsasını təşkil edir.
Bu gün Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olunmuş, peşəkar hazırlıq səviyyəsini daha da yüksəltmişdir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər həm də Heydər Əliyev siyasi kursunun uğurlu nəticəsi kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və hərbi texnika ilə təchiz olunması, peşəkar kadr hazırlığının təkmilləşdirilməsi və hərbi sənayenin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Prezident İlham Əliyev Azərbaycan Ordusunun gücünü və potensialını belə xarakterizə etmişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Bu fikirlər Azərbaycan dövlətinin ordu quruculuğuna göstərdiyi diqqətin və həyata keçirilən ardıcıl siyasətin məntiqi nəticəsi kimi ordumuzun əldə etdiyi uğurları aydın şəkildə əks etdirir.
Azərbaycan Silahlı Qüvvələri bu gün ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Ordumuzun əldə etdiyi nailiyyətlər xalqımızda qürur hissi yaradır və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm təsir göstərir. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteran hərbçiləri və bu şərəfli peşəyə ömürlərini həsr etmiş insanları ürəkdən təbrik edir, dövlətimizin təhlükəsizliyi və xalqımızın firavanlığı naminə fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Güclü ordu – güclü dövlət deməkdir və Azərbaycan Ordusu bu gün həmin gücün ən parlaq təcəssümüdür.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
