Müəllimlərin 62 faizi sertifikatlaşdırmada 51-dən yuxarı bal toplayıb
MİQ imtahanlarında uğur qazanmış müəllimlərin sertifikatlaşdırma mərhələsində də yüksək dinamika nümayiş etdirdiyini ortaya qoyub.
Modern.az xəbər verir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, prosesdə ümumilikdə 23 377 müəllim iştirak edib və onların sertifikatlaşdırmadakı ümumi orta balı 51 olaraq qeydə alınıb.
“Əvvəlki dövrlərdə MİQ-də 30-40 bal toplayan 7 960 iştirakçı (ümumi sayın 34%-i) sertifikatlaşdırmada orta hesabla 48 bal yığıb. İştirakçıların böyük hissəsini – 42%-ni təşkil edən 41-50 bal aralığındakı 9 886 müəllimin sertifikatlaşdırma üzrə orta balı 51-ə bərabər olub. MİQ-də 51-60 bal toplayan 5 531 müəllim isə (24%) sertifikatlaşdırma imtahanında 52 orta bal göstəricisi ilə ən yüksək nəticəyə imza atıb.
Aparılan müqayisəli analizlər MİQ imtahanlarında iştirakın sertifikatlaşdırma nəticələrinə birbaşa müsbət təsir göstərdiyini rəqəmlərlə sübut edir. Belə ki, MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmadakı orta balı 51 olduğu halda, bu imtahanlarda iştirak etməyənlərin orta balı cəmi 42 təşkil edib”.
Hesabatda o da qeyd olunur ki, əvvəlki dövrdə MİQ imtahanlarında iştirak edərək 30 və daha çox bal toplayan müəllimlərin sertifikatlaşdırma imtahanındakı keçid faizi rekord həddə – 99%-ə çatıb. Həmin qrupda yer alan müəllimlərin 62%-i isə sertifikatlaşdırma prosesində 51 bal və daha yuxarı nəticə göstərməyə nail olub.
Xatırladaq ki, 2022-ci ildən etibarən MİQ balları maksimum 100 bal üzərindən hesablanır, lakin oxşar müqayisənin aparılması üçün cari göstəricilər vahid 60 ballıq şkalaya gətirilmişdir.
Mənbə: Modern.az
