Azərbaycanlı akademik “Atilla Ordeni”nə layiq görülüb

Azərbaycanlı akademik Türk dünyasının ali  elmi mükafatına – “ATİLLA ORDENİ”nə layiq görülüb

     Türkiyə Respublikası Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Türk dünyasının elmi tərəqqisinə, ortaq mədəni və intellektual irsinin qorunub inkişaf etdirilməsinə xidmət edən, beynəlxalq təsisatlarda fədakarıq göstərən elm fədailərini həmişə uca tutur. Bu ali missiyanın növbəti təzahürü olaraq,  Türkiyə Respublikasında fəaliyyət göstərən nüfuzlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası (Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisi) tərəfindən görkəmli azərbaycanlı alim, “Mühəndislik fəlsəfəsi”nin banisi, mühəndislik, triobologiya, mexanika və maşınşünaslıq sahəsində dünya şöhrətli akademik Əhəd Canəhmədov ali mükafata — “Türk Dünyası – Atilla Ordeni”nə layiq görülüb.

“Türk Dünyası – Atilla Ordeni” nədir və kimlərə verilir?

“Türk Dünyası – Atilla Ordeni”, Türk dünyasının elminə, təhsilinə, mədəniyyətinə və qlobal miqyasda tanınmasına müstəsna, fundamental töhfələr bəxş etmiş şəxslərə verilən ali beynəlxalq mükafatdır. Bu orden, adını tarixin ən böyük strateqlərindən və Türk dövlətçilik ənənəsinin mühüm simalarından biri olan Atilladan götürərək, elmdə və intellektual sahədə böyük kəşflərə imza atmış, fədakarlığı ilə fərqlənən elm xadimlərini, akademiyanın həqiqi və fəxri üzvlərini, eləcə də qlobal türk inteqrasiyasına xidmət edən rəhbər şəxsləri təltif etmək məqsədilə təsis edilmişdir. Sadalanan xidmətləri fəaliyyətinin əsas amalına çevirən akademik Əhəd Canəhmədov uzun illər boyu  akademiyalar, türk dilli dövlətlər, elm adamları və icmalar arasında elmi əlaqələri gücləndirmək, ortaq elmi layihələri dəstəkləmək və görkəmli ziyalıların əməyini beynəlxalq müstəvidə qiymətləndirmək missiyasını uğurla həyata keçirib. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası görkəmli alimimizin  Türk dünyası miqyasında qəbul edilən fundamental elmi kəşflərin, dərsliklərin və beynəlxalq monoqrafiyaların müəllifi olmasını, təhsilin inkişafında, gənc nəslin və yüksək ixtisaslı elmi kadrların yetişdirilməsində çoxillik səmərəli fəaliyyətini, inteqrasiyaya və ortaq irsə: Türk xalqlarının elmi, mədəni və texnoloji inteqrasiyasına xidmət etməsini, beynəlxalq layihələrdə təmsilçiliyini və aktiv iştirakını dəyərləndirərək onu bu nüfuzlu beynəlxalq mükafata layiq görüb.

        “Atilla Ordeni” sadəcə vizual bir rəmz deyil, o, sahibinə beynəlxalq elmi ictimaiyyətdə və Türk dövlətlərində çox yüksək status qazandırır. Ordenin əsas üstünlükləri aşağıdakılardan ibarətdir: Birincisi, bu mükafat alimin elmi fəaliyyətinin beynəlxalq miqyasda qəbul olunmasının rəsmi sənədidir və onun elmi nüfuzunu bütün türk coğrafiyasında (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və s.) ən ali səviyyədə təsdiqləyir. İkincisi, bu ordenə layiq görülmüş alimlər Akademiyanın keçirdiyi beynəlxalq simpoziumlarda, elmi şuralarda və layihələrdə ekspert qismində çıxış etmək və gələcək namizədlərin irəli sürülməsində səs hüququna malik olmaq kimi mənəvi-akademik imtiyazlar əldə edirlər. Akademik Əhəd Canəhmədovun belə nüfuazlu mükafata layiq görülməsi Azərbaycan elminin dünya miqyasında təntənəsidir. Alim maşınşünaslıq, mexanika və tribologiya sahəsində fundamental tədqiqatları, həmçinin onlarla fəlsəfə doktoru və elmlər doktoru yetişdirməklə, təhsilə verdiyi böyük töhfələri ilə tanınır. Bu böyük nailiyyət təkcə alimin deyil, bütövlükdə Azərbaycan elminin beynəlxalq arenada növbəti möhtəşəm uğurudur. Akademik Əhəd Canəhmədovu bu ali mükafata – “Atilla Ordeni”nə layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və Türk dünyasının tərəqqisi naminə elmi fəaliyyətində yeni-yeni zirvələr arzulayırıq!

 


Mənbə: Modern.az

Bir cavab yazın