Bakıda yeni təmayül tədris modelinə qeydiyyat davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı davam edir.
Bakı Şəhəri üzrə təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, müraciət prosesi iyulun 20-dək davam edəcək.
Məlumata görə, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.
Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək.
Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər.
Bildirilib ki, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq.
Qeyd edək ki, yeni təmayül tədris modeli Bakı şəhərində fəaliyyət göstərən 30 ümumi təhsil müəssisəsini əhatə edəcək.
Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.
Şagirdlər üçün qeydiyyat: //anket.edu.az/user/321
Müəllimlər üçün qeydiyyat: //docs.google.com/forms
Mənbə: Modern.az
