Xameneinin gecikən dəfni: İslamın hökmü nədir?
İslam dinində dünyasını dəyişən şəxsin mümkün qədər tez dəfn edilməsi təkcə tövsiyə deyil, dini baxımdan mühüm vəzifələrdən biri hesab olunur. Həm sünni, həm də şiə məzhəblərinin fiqhində meyitin yuyulmasının, kəfənlənməsinin, cənazə namazının qılınmasının və torpağa tapşırılmasının ləngidilmədən həyata keçirilməsi vacib sayılır. Bu yanaşma Peyğəmbər Məhəmmədin (s) “Cənazəni tələsdirin…” hədisinə əsaslanır. Hədisdə buyurulur: “Cənazəni tələsdirin. Əgər o saleh insan idisə, onu xeyirə qovuşdurursunuz. Yox, əksinə idisə, çiyninizdən bir yükü götürmüş olursunuz.” (Səhih əl-Buxari, Səhih Müslim).
Sünni fiqhinin tanınmış alimlərindən İmam Nəvəvi bu hədisi şərh edərkən cənazənin səbəbsiz yerə gecikdirilməsinin məkruh olduğunu, mümkün qədər tez dəfn edilməsinin sünnəyə uyğun sayıldığını vurğulayır. İbn Qudamə də “Əl-Muğni” əsərində zərurət olmadığı halda dəfnin yubadılmasını doğru hesab etmir.
Şiə fiqhində də eyni yanaşma mövcuddur. Müasir şiə mərcəyi-təqlidlərindən Ayətullah Seyid Əli Sistani cənazənin yuyulması, kəfənlənməsi və dəfninin imkan daxilində gecikdirilməməsini tövsiyə edir.
Bu kontekstdə İranın müharibə nəticəsində həyatını itirən mərhum Ali Dini Lideri Seyid Əli Xameneinin cənazəsinin 4 aydan çox dəfn edilməməsi birmənalı qarşılanmır.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, İslam dinində dünyasını dəyişən şəxsin mümkün qədər qısa müddətdə dəfn olunması tövsiyə edilir və bu, dini baxımdan məqsədəuyğun hesab olunur.
Deputat əlavə edib ki, Xamenei ilə bağlı məsələyə yalnız dini nöqteyi-nəzərdən baxmaq olmaz:
“Həmin dövrdə təhlükəsizlik amili əsas rol oynayırdı. Çünki ölkədə müharibə şəraiti hələ də davam edirdi və dəfn mərasiminin təşkili üçün gözləmək zərurəti yaranmışdı. Məsələyə yalnız dini aspektdən yanaşmaq doğru olmaz. Burada təhlükəsizlik, beynəlxalq miqyasda təşkilati məsələlər də nəzərə alınırdı. Dəfn mərasimində dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin, dövlət başçılarının, hökumət rəsmilərinin və digər yüksək vəzifəli şəxslərin iştirakı gözlənilirdi.

İlahiyyatçı Elşad Miri isə məsələyə münasibət bildirərək qeyd edib ki, İslamın əsas məqsədi və diqqət mərkəzi vəfat etmiş insan deyil, yaşayan insanın həyatına istiqamət verməkdir:
“İslam dini insanlara necə yaşamağı, hansı dəyərlərə söykənməyi və həyat yolunu necə müəyyənləşdirməyi öyrədir. İslam dinində bir insanın öldükdən sonra nə qədər müddət saxlanılması əsas məsələ deyil. İslam dirilərlə məşğul olur, onlara yol göstərir, həyatın içində necə davranmalı olduqlarını öyrədir. Ölünün harada qalması, neçə gün saxlanılması, soyuducuda mühafizə olunması, dəfn zamanı qohumlarının yanında olub-olmaması və ya üzü qibləyə basdırılması kimi məsələlər İslamın mahiyyətini təşkil etmir. Bunlar sonradan dinlə əlaqələndirilərək dini hökm kimi təqdim olunan məsələlərdir”.
İlahiyyatçı qeyd edib ki, keçmiş dövrlərdə texniki imkanlar olmadığı üçün insanlar vəfat edən şəxsi uzun müddət saxlaya bilmirdilər və qısa müddətdə dəfn edirdilər: “Bu gün isə soyuducu sistemləri, xüsusi mühafizə və digər müasir imkanlar mövcuddur. Axı İslam dini zamana görə dəyişmir. Buna görə də dəfnin vaxtı və ya kəfənləmə kimi məsələləri dinin əsas məqsədi kimi təqdim etmək doğru deyil.
Bu gün hər kəs bilir ki, tibbi müdaxilə və müvafiq şərait olmadan vəfat etmiş şəxsi evdə uzun müddət saxlamaq mümkün deyil. İnsan hətta ən yaxınını belə müəyyən vaxtdan sonra dəfn etməyə məcbur qalır. Bu, dini yox, təbii və tibbi zərurətdən irəli gəlir. Ona görə də hesab edirəm ki, bu kimi məsələlərin dinə aidiyyəti yoxdur, sadəcə zamanla dini məsələ kimi təqdim olunmağa başlanılıb. İslamın əsas məqsədi dirilərə yol göstərmək, insanın həyat burulğanında düzgün istiqamət tapmasına kömək etməkdir”.
Mənbə: Modern.az
