“Google”-a “Chrome” brauzeri üçün 34,5 milyard dollar təklif edilib
Süni intellektin inkişafı üzrə ixtisaslaşmış Amerika şirkəti “Perplexity” “Google” şirkətinə “Chrome” brauzerini 34,5 milyard dollara almaq təklifi göndərib.
“Report”un məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) yazır.
Nəşrin məlumatına görə, təklifin məbləği 18 milyard dollar dəyərində qiymətləndirilən “Perplexity”nin özünün bazar dəyərindən təxminən iki dəfə çoxdur. Şirkət alışı maliyyələşdirmək istəyən bir sıra investorların dəstəyini aldığını bildirib.
Təklif ABŞ məhkəməsində “Google”un veb-axtarış bazarında inhisar mövqeyini zəiflətmək üçün brauzeri satmağa mümkün məcburiyyəti ilə bağlı işə baxılması fonunda verilib. Mütəxəssislər hesab edir ki, “Perplexity” təşəbbüsü maraqlı alıcının olması üçün siqnal kimi qəbul edilə bilər.
Eyni zamanda, “Google” şirkəti “Chrome”u satmaq fikrindən imtina edərək, bunun korporasiyanın biznesinə xələl gətirə, yeni texnologiyaların inkişafını məhdudlaşdıra və kibertəhlükəsizlik risklərini artıra biləcəyini açıqlayıb.
Mənbə: Report.Az