Universitetlərdə boş qalan plan yerlərinə maraq var?
Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, bu il ali məktəblərə qəbul planı 96.27 faiz dolub. Yerdə qalan 4 faizə yaxın boş yer üçün ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, IV ixtisas qrupunda 600-dən yuxarı bal toplayan təxminən 10 abituriyent düzgün seçim etmədiyi üçün ali məktəbə qəbul ola bilməyib:
“Ötən il Tibb ixtisasının keçid balı 605 olduğu halda, bu il 624-ə yüksəlib. Halbuki bəzi abituriyentlər 615–620 bal toplayaraq yalnız Tibb ixtisasını yazıb və alternativ seçim etmədikləri üçün müsabiqədən kənarda qalıblar. Nəticədə 624 baladək nəticə göstərən 9 nəfər qəbul şansını itirib”.
Ekspert eyni zamanda vurğulayıb ki, III ixtisas qrupunda da vəziyyət ciddi olub:
“III ixtisas qrupu üzrə 10 mindən çox abituriyent ali məktəbə qəbul ola bilməyib. Bunun əsas səbəbləri plan yerlərinin dolması və ya düzgün seçim edilməməsidir. Hazırda Azərbaycan bölməsində cəmi 7, rus bölməsində isə 23 boş yer qalıb. Müsabiqə şərtlərini ödəyən, yəni blok imtahanında 100-dən çox nəticə göstərən abituriyentlərin sayı isə 3 121 nəfərdir. Yəni minlərlə abituriyent hazırda cəmi 7 boş yer uğrunda mübarizə aparır”.
R.Nurəliyev onu da diqqətə çatdırıb ki, yüksək nəticə göstərənlər arasında da qəbul ola bilməyənlər var:
“Belə ki, 600-dən yuxarı bal toplayan bir neçə nəfər, o cümlədən 620–630 bal aralığında nəticə göstərən bir abituriyent də ali məktəbə qəbul ola bilməyib. Ümumilikdə III ixtisas qrupu üzrə 500-dən yuxarı bal toplayan Azərbaycan bölməsi üzrə 12 nəfər, II qrup üzrə 400-dən yuxarı isə 59 nəfər qəbul şansını itirib. Nəticədə, 600 baldan yuxarı nəticə göstərən 9 nəfər IV qrupdan, 1 nəfər isə III qrupdan ali məktəbə qəbul ola bilməyib. Bunun başlıca səbəbi düzgün ixtisas seçiminin edilməməsidir”.
Təhsil eksperti eyni zamanda boş qalan plan yerləri məsələsinin də ciddi narahatlıq yaratdığını dilə gətirib:
“III ixtisas qrupunda 600-dən yuxarı bal toplayan abituriyentlər üçün faktiki olaraq yalnız 7 boş yer var və bunlar da əsasən Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasıdır. Eyni zamanda, digər ixtisaslara müraciət etmək mümkün deyil. Təklif olunur ki, Dövlət İmtahan Mərkəzi portal qeydiyyatından sonra boş qalan yerləri elan etsin. Məsələn, qəbul olub qeydiyyatdan keçməyənlərin yerləri digər abituriyentlərə verilsə, həm plan yerləri boş qalmaz, həm də yüksək bal toplayan gənclərə əlavə şans yaranar. Bu, bir çox ölkələrdə tətbiq olunan beynəlxalq təcrübəyə də uyğundur”.
O həmçinin vurğulayıb ki, ən diqqətçəkən məqamlardan bir digəri isə I ixtisas qrupunda 1549 boş plan yerinin qalmasıdır:
Onlardan 1255-i riyaziyyat-kimya (RK) alt qrupuna, 294-ü isə riyaziyyat-informatika (Rİ) alt qrupuna aiddir. Lakin vəziyyət paradoksaldır: riyaziyyat-kimya alt qrupunda 100 balı keçən abituriyentlərin sayı cəmi 4 nəfərdir (3 nəfər Azərbaycan, 1 nəfər rus bölməsi). Nəticədə 1252 boş yer faktiki olaraq boş qalır, çünki digər namizədlər 100 bal həddini keçmədiklərindən bu ixtisaslara müraciət edə bilmirlər”.
Təhsil eksperti onu da əlavə edib ki, bir tərəfdən yüksək bal toplayan abituriyentlər seçim səbəbindən kənarda qalır, digər tərəfdən isə yüzlərlə plan yeri boş qalır.
Mənbə: Modern.az
Post Comment
Şərh yaza bilmək üçün giriş etməlisiniz.