Aktual 5 Fevral 2026, 09:42 Bu hadisə sadəcə bir mükafat təqdimatı deyil
“Dünya siyasətinin mürəkkəb kəsişmələrində, geosiyasi maraqların və ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə sülh, humanizm və qarşılıqlı hörmət kimi dəyərlər bəşəriyyətin yeganə çıxış yoluna çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il üçün nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, bu ali dəyərlərin Azərbaycan dövlət başçısının şəxsində qlobal miqyasda təsdiq olunmasının parlaq təzahürüdür. Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin adını daşıyan, Katolik dünyasının rəhbəri Papa Fransisk və Əl-Əzhər Universitetinin Böyük İmamı tərəfindən dəstəklənən bu mükafat, öz nüfuzuna görə dünyanın ən mötəbər humanitar təltiflərindən biri hesab olunur. Bu hadisə sadəcə bir mükafat təqdimatı deyil, həm də Azərbaycanın sülhə sadiq, dialoqa açıq və bəşəri dəyərlərə bağlı dövlət kimi imicinin beynəlxalq səviyyədə möhkəmləndirilməsi deməkdir.”
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkili deyib ki, Prezident İlham Əliyevin bu yüksək mükafata layiq görülməsinin kökündə onun onilliklər boyu davam edən və düyünə düşmüş 35 illik münaqişəni beynəlxalq hüquq müstəvisində həll etmək, Cənubi Qafqazda daimi sabitlik və tərəqqi mühiti yaratmaq uğrunda göstərdiyi yorulmaz səylər dayanır:
“Beynəlxalq ictimaiyyət bu təltiflə Azərbaycanın prinsipial sülh siyasətinə, ədalətli mövqeyinə və regionun gələcəyi üçün təklif etdiyi strateji yol xəritəsinə öz yüksək qiymətini vermiş olur. Bu, eyni zamanda Azərbaycan dövlət başçısının liderlik keyfiyyətlərinin, onun diplomatik məharətinin və mürəkkəb siyasi proseslərdə nümayiş etdirdiyi sarsılmaz qətiyyətin dünya miqyasında rəğbətlə qarşılandığının bariz nümunəsidir. Mükafatın verilmə səbəbləri təkcə Azərbaycan-Ermənistan sülh müqaviləsinin əldə olunmasına verilən töhfələrlə məhdudlaşmır, burada eyni zamanda Prezidentin qlobal səviyyədə dinlər və mədəniyyətlərarası dialoqun təşviqində oynadığı misilsiz rol, insan qardaşlığı ideyalarına sadiqliyi və qlobal sabitliyin qorunması naminə atdığı addımlar mühüm yer tutur.
Lakin qlobal miqyasda qazanılan bütün bu mötəbər təltiflərin, beynəlxalq statusların və hörmətin fonunda Azərbaycan Prezidenti üçün ən ali və əvəzolunmaz mükafat hər zaman öz xalqı tərəfindən ona göstərilən sarsılmaz etimad və bəslənilən sonsuz sevgidir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz tarixinin ən şanlı səhifələrini yazmış, milli qürurunu bərpa etmişdir. Xalqın nəzərində o, təkcə dövlət başçısı deyil, həm də müasir Azərbaycanın Xilaskarı, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandandır. Otuz illik işğalın sona çatdırılması, dövlətin bütün resurslarının xalqın rifahı və gələcəyi naminə səfərbər edilməsi onu xalqın gözündə ən uca bir zirvəyə yüksəltmişdir. Bu gün Azərbaycanın hər bir uğuru, hər bir beynəlxalq zəfəri məhz Lider-Xalq birliyinin məntiqi nəticəsidir.
Mənbə: Modern.az
