Aktual 9 Fevral 2026, 09:32 Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat əlaqələrindən danışıldı – FOTO
Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Həftəsi çərçivəsində keçirilən plenar sessiyada iştirak edib.
Modern.az xəbər verir ki, “Transxəzər nəqliyyat dəhlizi və regional iqtisadi bağlantılar” mövzusuna həsr olunan tədbirdə Orta Dəhlizin artan strateji əhəmiyyəti və ölkəmizin bu marşrutun inkişafındakı aparıcı rolu diqqətə çatdırılıb.
Bildirilib ki, Orta Dəhliz tranzit marşrut olmaqla yanaşı, regional iqtisadi inteqrasiya və Avrasiya məkanında əməkdaşlıq üçün əsas platformaya çevrilib. Azərbaycanın son illərdə dəmir yolu, liman, dəniz və logistika infrastrukturlarına yatırdığı investisiyalar dəhlizin mövqeyini gücləndirib.
Azərbaycan nümayəndə heyəti iştirakçılara Bakı – Tbilisi – Qars dəmir yolu xəttində modernləşdirmə işlərinin tamamlanması, Xəzər dənizində limanların və flotiliyanın birgə genişləndirilməsi, Zəngəzur dəhlizinin mühüm diversifikasiya elementi olması barədə də məlumat verib.
Həmçinin vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizinin uzun müddət rəqabətədavamlı olması təkcə yolların və infrastrukturun qurulmasından asılı deyil. Bunun üçün sərhəd prosedurlarının sadələşdirilməsi, qaydaların uyğunlaşdırılması, iş prosesinin sürətləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqi də vacibdir. Azərbaycan bu istiqamətdə təşəbbüslərini genişləndirir. Qanunvericilikdə dəyişiklik edilib, müvafiq hüquqi baza formalaşdırılıb, dövlət başçısının Fərmanı ilə əməliyyatların səmərəliliyi və proqnozlaşdırma keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək “Bir pəncərə” informasiya sistemi yaradılır. Hazırlanmaqda olan Rəqəmsal Logistika Platforması nəqliyyat, gömrük və logistika iştirakçılarını vahid elektron sistemdə birləşdirərək real vaxt rejimində məlumat mübadiləsini təmin edəcək. Nəticədə proseslər daha şəffaf və çevik həyata keçiriləcək.
Plenar sessiyada Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yanında Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyindən də danışılıb. Qeyd edilib ki, nəqliyyat əlaqələrinin gücləndirilməsi prezidentliyin prioritetlərindən biridir. Azərbaycan Orta Dəhlizin dayanıqlı, rəqabətli, rəqəmsal və inteqrasiya olunmuş regional bağlantı xəttinə çevrilməsi istiqamətində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Mənbə: Modern.az
