Ölkəmizdə hər kəsi evləndirən agentliklər…

Dünyada nikah agentlikləri kişi-qadın münasibətlərin qurulmasını peşəkar əsasda təşkil edən xüsusi xidmət sahəsi kimi formalaşıb. 

Modern.az xəbər verir ki, belə şirkətlər fərdi tanışlıq prosesini təsadüfi seçimdən çıxararaq sistemli, yoxlanılmış və məxfi mexanizmlər üzərindən həyata keçirir. Beynəlxalq təcrübədə nikah agentlikləri kommersiya əsaslı fəaliyyət göstərsə də, bir çox ölkədə onların işi hüquqi və etik çərçivələrlə tənzimlənir.

ABŞ və Avropa ölkələrində agentliklər əsasən fərdi uyğunluq analizinə, psixoloji qiymətləndirməyə və namizədlərin məlumatlarının dəqiqləşdirilməsinə üstünlük verir. Müştərilərlə ilkin müsahibələr aparılır, sosial status, təhsil, həyat tərzi və ailə dəyərləri nəzərə alınaraq uyğunluq profili hazırlanır. Bu modeldə məxfilik əsas prinsip hesab olunur və tərəflərin şəxsi məlumatları üçüncü şəxslərə açıqlanmır.

Asiya ölkələrində niakh agentlikləri daha institusional xarakter daşıyır. Burada ailə institutunun güclü mövqeyi səbəbindən rəsmi sənədlərin yoxlanılması, gəlir və ailə vəziyyəti haqqında məlumatların təsdiqi kimi prosedurlar geniş tətbiq olunur. Bəzi ölkələrdə bu sahə dövlət nəzarəti və lisenziyalaşdırma mexanizmi ilə tənzimlənir.

Rəqəmsallaşma nikah agentliklərinin fəaliyyətinə də təsir göstərib. Onlayn platformalar geniş yayılsa da, ənənəvi agentliklər fərdi yanaşma, təhlükəsizlik və ciddi seçim mərhələləri ilə fərqlənir. Ekspertlər hesab edir ki, bu sahədə əsas meyarlar şəffaflıq, etik davranış qaydaları və məlumatların qorunmasıdır.

Beynəlxalq praktikada nikah agentlikləri sadəcə tanışlıq xidməti deyil, sosial münasibətlərin formalaşmasında strukturlaşdırılmış və məsuliyyətli vasitəçi institut kimi çıxış edir.

Hüquqşünas Ramil Süleymanlı Modern.az-a açıqlamasında bildirib ki, qazanc-xidmət mübadiləsi fonunda belə təşkilatlar vergi ödədikləri üçün leqal hesab olunur:

“Bu, bütün dünyada belədir. Çünki bizim qanunvericilikdə bununla bağlı hər hansı qadağanedici norma yoxdur. Burada əsas məsələ vətəndaşların şəxsi məlumatlarının qorunması prinsiplərinə riayət etməkdir”. 

Hüquqşünas əlavə edib ki, hər hansı bir fəaliyyət Cinayət Məcəlləsində və ya İnzibati Xətalar məcəlləsində qadağan deyilsə, məşğul olmaq mümkündür:

“Yeganə tələb olunan hüquqi addım müvafiq təşkilatdan lisenziya almaqdır”. 

Ramil Süleymanlı sosial şəbəkələrdə belə təyinatlı profillərin fəaliyyət göstərməsini qanunazidd hesab etməyib. 

O ölkədə rəsmi evlilik agentliklərinin olmaması səbəbini cəmiyyətin maraq dairəsi ilə əlaqələndirib.


Mənbə: Modern.az

Bir cavab yazın