Musiqi müəllimlərinin sertifikasiyası necə keçiriləcək? – DETALLAR

Musiqi məktəblərində çalışan müəllimlərin artıq attestasiyadan deyil, sertifikatlaşdırmadan keçirilməsi ümumtəhsil məktəblərində işləyən müəllimlərin sertifikatlaşdırılması prosesinə müəyyən məqamlarda oxşar ola bilər. 

Bunu Modern.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. 

O qeyd edib ki, imtahanın keçirilmə qaydalarında, qiymətləndirmələrdə, yanaşmalarda, imtahanların təşkilində və digər texniki detallar üzrə paralellər mümkündür.

“Üstəlik, tətbiq edilən model beynəlxalq təcrübəyə əsaslanan yanaşmadır və müəllimlərin sertifikatlaşdırılması mexanizminin formalaşmasında Ukrayna və Qazaxıstan modellərindən daha çox nümunələr götürüldüyü qeyd olunur. Müsahibə mərhələsi, test imtahanında diqqət edilməli mexanizmlər və ümumən sertifikatlaşdırmanın strukturu bu təcrübələrdən təsirlənmiş ola bilər”.

Musiqi müəllimləri üçün sertifikatlaşdırmanın ümumtəhsil müəllimlərinin sertifikatlaşdırmasını tam şəkildə təkrarlaması real görünmür:

“Bu, ilk növbədə məzmun və forma fərqləri ilə bağlıdır: musiqi alətləri, ifaçılıq, xüsusi qabiliyyət tələb edən istiqamətlər var və bu sahədə qiymətləndirmə yanaşması təbii olaraq fərqli olmalıdır”.

Onun sözlərinə görə, birinci mərhələ test imtahanı (onlayn), ardınca müsahibə mərhələsi və əlavə olaraq xüsusi qabiliyyət tələb edən istiqamətlər üzrə, məsələn, ifaçılıq və yaradıcı bacarıqların, ayrıca mərhələdə qiymətləndirilməsi mümkün ola bilər”.

Elmin Nuri qeyd edib ki, musiqi müəllimlərinin sertifikatlaşdırılması ümumtəhsil məktəblərində işləyən müəllimlərin sertifikatlaşdırılması qədər beynəlxalq təcrübədə geniş yayılmış istiqamət deyil. Bu səbəbdən hansı modeli götürüb yerli reallığa uyğun tətbiq etmək də daha çətin görünür. Buna baxmayaraq, mövcud “müəllimlərin sertifikatlaşdırılması modeli” müəyyən elementləri ilə musiqi müəllimləri üçün də tətbiq oluna bilər.

 


Mənbə: Modern.az

Bir cavab yazın