Sahibkarlar niyə peşə məktəbi məzunlarından narazıdır?
Son dövrlər Azərbaycanda peşə təhsilinin inkişafı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məsələsi müzakirə olunan mövzulardan birinə çevrilib. Sahibkarlar və biznes nümayəndələri tez-tez bildirirlər ki, bəzi hallarda peşə məktəblərini bitirən məzunların əldə etdiyi bilik və bacarıqlar real istehsalat və xidmət sahələrinin ehtiyacları, eləcə də tələbləri ilə tam uzlaşmır. Xüsusilə məzunların praktiki bacarıqlarının səviyyəsi, müasir texnologiyalarla işləmək vərdişləri və iş mühitinə adaptasiya məsələləri bu müzakirələrdə ön plana çıxır.
Mövzu ilə əlaqədar olaraq Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov ilk növbədə qeyd edib ki, peşə təhsili müəssisələrin məqsədi iqtisadiyyatın müxtəlif sahələrində iş yerlərinin daha peşəkəar işçilərlə təmin etməkdir.
“Deyə bilərik ki, bu gün peşə ixtisaslarına daha çox ehtiyac duyulur. Çünki, mütəmadi olaraq yeni müəsisələr açılır. Bu da peşə ixtisaslarına olan tələbatı artırır. Hətta peşə təhsili məktəbləri ilə müəyyən müəsisələr arasında müqavilələr də bağlanılır və peşə yönümlü ixtisaslı mütəxəssislərin işlə təminatı məsələsi dərhal həll olunur. Amma bu çox az hallardadır”.
Sədr müavini diqqətə çatdırıb ki, sahibkarlarla təhsil müəsisələri arasında koordinasiya hələ də lazımı səviyyədə formalaşmayıb:
“Ona görə də sahibkarlar tez-tez bildirirlər ki, bəzi peşə məktəbi məzunları istehsalat və xidmət sahəsində dərhal işləmək üçün kifayət qədər praktiki bacarıqlara malik olmur. Amma deyə bilərəm ki, peşə məktəblərin maddi-texniki bazası yüksək səviyyədə peşə ixtisasların verilməsinə imkan verir. Peşə məktəblərində hazırlanan aşpazlar, qaynaqçılar, çilingərlər, kompüter ustaları və s. iş tapmaqda çətinlik çəkmirlər. Amma peşə təhsili alanların hamısı da oxuduğu dövürdə peşəyə yiyələnmək üçün kifayət qədər zəhmət çəkmirlər”.
Milli Məclisin üzvü onu da əlavə edib ki, yaxşı peşə sahiblərinə həmişə ehtiyac var.
“Hətta yaxşı aşpaz restorana gələn müştərilərin çoxalmasına, yaxşı qaynaqçı və ya çilingər də daha çox müştərinin cəlb olunmasına yol açır. Bu baxımdan peşə təhsili alanlar özlərini oxuduqları sahədə görürlərsə o sahəni dərindən öyrənməli və püxtələşməlidirlər”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov isə bildirib ki, peşə təhsili müəssisələrinin hazırladığı kadrların əmək bazarının real tələblərinə tam uyğun olmaması ilə bağlı səsləndirilən fikirlər müəyyən dərəcədə əsaslı hesab oluna bilər.
“Bəzi hallarda tədris proqramları əmək bazarında baş verən texnoloji və struktur dəyişikliklərə operativ şəkildə uyğunlaşdırılmır və nəticədə məzunların əldə etdiyi bilik və bacarıqlar işəgötürənlərin gözləntiləri ilə tam üst-üstə düşməyə bilər. Bununla yanaşı, son illərdə peşə təhsili sistemində həyata keçirilən islahatlar, yeni ixtisasların yaradılması, modul əsaslı proqramların tətbiqi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi bu sahədə mövcud uyğunsuzluqların aradan qaldırılmasına yönəlmiş mühüm addımlar kimi qiymətləndirilə bilər. Ümumilikdə, sistem inkişaf mərhələsindədir və biznes sektorunun gözləntilərini daha yüksək səviyyədə qarşılamaq üçün davamlı təkmilləşdirmə tələb olunur”.

Deputat həmçinin vurğulayıb ki, bu kontekstdə peşə təhsilinin əmək bazarına daha uyğun şəkildə qurulması üçün təhsil müəssisələri ilə sahibkarlıq subyektləri arasında əməkdaşlığın sistemli və davamlı xarakter daşıması xüsusi əhəmiyyət kəsb edir:
“Belə əməkdaşlıq yalnız istehsalat təcrübələrinin təşkili ilə məhdudlaşmamalı, həm də tədris proqramlarının hazırlanması və yenilənməsi, kurikulumların əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir avadanlıqların tətbiqi və sahə üzrə mütəxəssislərin tədris prosesinə cəlb olunmasını da əhatə etməlidir. Sahibkarların təhsil prosesində daha aktiv iştirak etməsi, real istehsalat təcrübəsinin tədrisə inteqrasiyası və dual təhsil modelinin geniş tətbiqi əmək bazarına uyğun kadr hazırlığının keyfiyyətini artıran mühüm amillərdən biri hesab olunur.
Məhz bu yanaşmanın davamı olaraq, peşə təhsili müəssisələrinin məzunlarının sahibkarların tələblərinə uyğun bacarıqlarla yetişməsi üçün tədris proqramlarının mütəmadi yenilənməsi və praktiki hazırlıq komponentinin daha da gücləndirilməsi zəruridir”.
V.Qafarov nəzərə çatdırıb ki, bu məqsədlə kompetensiya əsaslı və modul tipli təhsil proqramlarının tətbiqi, tələbələrin real iş mühitində daha geniş və uzunmüddətli istehsalat təcrübəsi keçməsi, həmçinin tədris prosesində müasir texnologiyaların və rəqəmsal alətlərin istifadəsinin genişləndirilməsi vacibdir:
“Eyni zamanda komanda işi, problem həlli, ünsiyyət və rəqəmsal bacarıqlar kimi universal kompetensiyaların inkişafına xüsusi diqqət yetirilməsi məzunların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına və sahibkarların ixtisaslı kadrlarla təmin olunmasına mühüm töhfə verə bilər”.
Mənbə: Modern.az
