Gəncədə ilk dəfə Aida İmanquliyeva adına uşaq bağçası istifadəyə verilib

Martın 27-də Gəncə şəhərində görkəmli alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın adını daşıyan yeni uşaq bağçasının açılış mərasimi keçirilib. Elminfo.az xəbər verir ki, bağça Şəhid Fətulla Həsənovun adını daşıyan “FƏTULLAOĞLU” MMC tərəfindən təsis olunub.

Açılış mərasimində bağçanın kollektivi, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı çıxış edən bağçanın təsisçisi və rəhbəri Pərvin Həsənov bu layihənin əsas məqsədinin uşaqların hərtərəfli inkişafına töhfə vermək, onların erkən yaşdan keyfiyyətli təhsil və tərbiyə ilə əhatə olunmasını təmin etmək olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, bağça müasir təhsil yanaşmalarına uyğun şəkildə fəaliyyət göstərəcək.
Bağçanın müdiri Lalə Hacıyeva çıxışında bildirib ki, tədris prosesi peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək və uşaqların fərdi qabiliyyətlərinin üzə çıxarılması əsas prioritetlərdən biridir. Metodist müəllimə Rəna Məmmədova isə proqramların innovativ əsaslarla qurulduğunu, uşaqların həm intellektual, həm də fiziki inkişafının diqqət mərkəzində saxlanılacağını qeyd edib.
Qeyd edək ki, bağçada uşaqlar üçün robotexnika, ingilis dili, rus dili, rəsm, gimnastika və balet kimi müxtəlif istiqamətlər üzrə dərslər təşkil olunacaq. Ən önəmli məqamlardan biri isə bu dərslərin tamamilə ödənişsiz həyata keçirilməsidir ki, bu da valideynlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanır.
Yeni istifadəyə verilən uşaq bağçasının Gəncə şəhərində məktəbəqədər təhsilin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.


Bir cavab yazın