Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanuna əsasən özəl ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) fəaliyyətinə lisenziya tələb olunur. 2025-ci il üzrə həmin fəaliyyət üzrə İqtisadiyyat Nazirliyinə 7 müraciət daxil olmuş, onlardan 6-sı yeni lisenziya, 1-i isə mövcud lisenziyanın yenidən rəsmiləşdirilməsi üzrə olub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il üzrə həmin fəaliyyətə dair lisenziyanın dayandırılması və ya ləğvi barədə müvafiq təqdimat verilməyib. Qeyd olunub ki, bu lisenziya Elm və Təhsil Nazirliyinin müsbət rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilir.
Məlumat üçün bildirək ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tabeliyində olan KOB evləri, “Lisenziyalar və icazələr” portalı və “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi həyata keçirilir.
Mənbə: Modern.az
