Aktual Bu gün, 16:15 “Yeni Üfüq” layihəsinin  iştirakçıları BMU ilə tanış olub – FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) “Yeni Üfüq” layihəsinin  iştirakçıları üçün tanışlıq turu təşkil edilib.  

Modern.az xəbər verir ki, universitetin Müəssisələrlə əlaqələr və karyera mərkəzi ilə birgə təşkil olunan tur həssas qruplara aid 20 gəncin gələcək peşə seçiminə dəstək məqsədi daşıyıb. Proqram çərçivəsində iştirakçılar universitetin infrastrukturu ilə tanış olub, onlara BMU-da mövcud ixtisaslar, tədris prosesi, laboratoriyalar, Texnopark haqqında ətraflı məlumat verilib. Gənclər laboratoriyalara baxış keçirərək burada aparılan işlər və texniki imkanlarla yaxından tanış olublar.    

Tanışlıq turu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və onların təhsil mühitinə dair təsəvvürlərinin genişlənməsinə töhfə verib.   

Qeyd edək ki, “Yeni Üfüq” layihəsi valideyn himayəsindən məhrum gənclərin məşğulluq imkanlarının artırılmasına və onların bərabər inkişaf hüquqlarının təmin olunmasına yönəlib. “SOCAR Midstream Gas Operations” və Cənubi Qafqaz Boru Kəməri tərəfdaşlarının dəstəyi ilə “HBN Group” MMC tərəfindən icra olunur. 

15-18 yaş arası ümumilkdə 80 gənci əhatə edən proqram çərçivəsində iştirakçılara müvafiq ixtisaslar üzrə peşə təhsili, praktiki məşğulluq imkanları yaradılır və psixososial dəstək verilir. 

 


Mənbə: Modern.az

Bir cavab yazın