Vüqar Gülməmmədov: Milli Məclisə daha dərin təhlillər təqdim ediləcək

Hesablama Palatası rəqəmsallaşma və performans auditlərini genişləndirəcək

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, millət vəkillərinin qaldırdığı məsələlər əsas istiqamətlər üzrə qruplaşdırılıb və bu istiqamətlər üzrə bir sıra mühüm addımlar nəzərdə tutulur. Onun sözlərinə görə, rəqəmsallaşma sahəsində ölkə başçısı İlham Əliyev tərəfindən qəbul edilən qərarlar çərçivəsində Hesablama Palatasında dövlət əlavə informasiya sisteminin tətbiqinə başlanılıb.

Vüqar Gülməmmədov qeyd edib ki, bu sistem geniş imkanlara malikdir və onun vasitəsilə növbəti ildən Milli Məclisə daha dərin təhlillərin təqdim edilməsi, həmçinin hesabat formasının təkmilləşdirilməsi planlaşdırılır. O, layihənin hazırlanmasında dəstək göstərən mərkəzi icra hakimiyyəti orqanlarına təşəkkürünü bildirib.

Palata sədri performans auditlərinin artırılması ilə bağlı səsləndirilən təklifləri də əsaslı hesab etdiklərini vurğulayıb. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən məhdudiyyətlər mövcud olsa da, performans auditlərinin sayının artırılması zəruridir və bu sahədə işlər davam etdiriləcək.

Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, Hesablama Palatası ilk dəfə olaraq audit nəticələri və büdcə səmərəliliyi ilə bağlı əsas riskləri əhatə edən ayrıca bölməni hesabatına daxil edib. Bu bölmədə ölkə miqyasında əhəmiyyətli problemlər və risk sahələri əks olunub.

Onun sözlərinə görə, Palatada təqdim olunan tövsiyələrin icrasının izlənməsi üzrə xüsusi proqram fəaliyyət göstərir və hər bir təklif üzrə icra vəziyyəti mütəmadi nəzarətdə saxlanılır. Təklif icra olunmasa belə, hüquqi əsas olmadıqca həmin təklif izlənmədən çıxarılmır.

Palata sədri maliyyə nəzarətinin kompleks xarakter daşımalı olduğunu qeyd edərək bildirib ki, parlament nəzarəti, icra hakimiyyəti və xarici nəzarət orqanları bir-birini tamamlayan sistem kimi fəaliyyət göstərməlidir.

Vüqar Gülməmmədov həmçinin vurğulayıb ki, maliyyə hesabatlarında bəzi göstəricilərin azalması müxtəlif amillərlə bağlıdır və bu, bütün hallarda fundamental problemlərin aradan qalxması kimi qiymətləndirilməməlidir.

O əlavə edib ki, əvvəlki auditlərin təsirinin qiymətləndirilməsi vacib məsələ olaraq qalır və bu istiqamətdə müqayisəli yanaşmalar tətbiq olunur, lakin eyni qurumların hər il audit olunması mümkün deyil.

Palata sədri çıxışında rəqəmsallaşma və süni intellektin tətbiqinin ali audit orqanları üçün əsas çağırışlardan biri olduğunu da qeyd edib. Onun sözlərinə görə, bu sahədə Estoniya və İsrail kimi ölkələrin təcrübəsi öyrənilir və Hesablama Palatası da yaxın illərdə bu texnologiyaların tətbiqini genişləndirməyi planlaşdırır.

Sonda Vüqar Gülməmmədov bildirib ki, bütün bu istiqamətlər üzrə fəaliyyət davam etdiriləcək və Palata növbəti illərdə daha effektiv nəticələr əldə etməyə çalışacaq.


Mənbə: Modern.az

Bir cavab yazın