Təhsil Bu gün, 14:17 Samuxda akademik Zərifə Əliyevanın anım günü qeyd olunub  

Samux Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın vəfatının 41-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Zərifə xanım Əliyevanın yalnız peşəkar həkim deyil, eyni zamanda fəal ictimai xadim olduğunu vurğulayıb. O, alimin insanların sağlamlığının qorunması, göz xəstəliklərinin qarşısının alınması və müalicəsi sahəsində göstərdiyi xidmətlərin yüksək dəyərə malik olduğunu qeyd edib.

Bildirilib ki, Zərifə xanım Əliyeva tərəfindən gözün peşə xəstəlikləri və regional əhəmiyyətli oftalmoloji problemlər üzrə aparılan fundamental tədqiqatlar, eləcə də müasir müalicə və profilaktika üsullarının hazırlanması ölkə səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən digər natiqlər – Elnaz Cəfərova, Şahin Məmmədov və Elcan İbrahimli Zərifə xanım Əliyevanın zəngin irsindən bəhs edərək, onun həm görkəmli alim və həkim, həm də qayğıkeş ana və sədaqətli ömür-gün yoldaşı kimi daim xalqımızın qəlbində yaşayacağını qeyd ediblər.

Zərifə xanım Əliyevanın əziz xatirəsi daim ehtiramla yad ediləcək.


Mənbə: Modern.az

Bir cavab yazın