Azərbaycanda diplomlar niyə gec verilir? – səbəb açıqlandı
Azərbaycanda ali təhsil müəssisələrində diplomların gec verilməsi problemi hər il məzunların narazılığına səbəb olan məsələlər sırasında yer alır. Belə ki, ali təhsil müəssisələrindən məzun olan şəxslər əmək bazarına daxil olarkən diplomların vaxtında təqdim edilməməsi ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər. Bundan əlavə, bəzi hallarda elektron sistemlərin tam tətbiq olunmaması və proseslərin hələ də kağız üzərində aparılması da müddətin uzanmasına təsir göstərir.
Maraqlıdır, bu qədər vacib əsaslı sənədin verilməsində gecikmənin əsas səbəbi nələrdən qaynaqlanır?
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov qeyd edib ki, Azərbaycanda ali təhsil müəssisələrində diplomların təqdim olunmasının gecikməsi son illərdə sistemli xarakter almış problemlərdən biridir və bu məsələ həm məzunlar, həm də əmək bazarı üçün ciddi çətinliklər yaradır.
“Mövcud vəziyyətin təhlili göstərir ki, bu gecikmələrin əsas səbəbləri daha çox inzibati xarakter daşısa da, texniki çatışmazlıqlarla da sıx bağlıdır. Belə ki, universitetlərdə sənədləşmə prosesinin hələ də əsasən kağız daşıyıcılar üzərində aparılması, məzunların şəxsi işlərinin yoxlanılması, qiymətlərin təsdiqi və məlumatların dövlət reyestrlərinə ötürülməsi kimi mərhələlərin bir neçə qurum arasında koordinasiya tələb etməsi prosesi ləngidir, eyni zamanda diplomların hazırlanmasının yalnız universitetlərin deyil, həm də aidiyyəti dövlət qurumlarının təsdiq prosedurlarından asılı olması çoxpilləli mexanizm yaradaraq operativliyi azaldır”.
Deputatın fikrincə, burada elektron sistemlərin tətbiqi mühüm həll yolu kimi çıxış edə bilər, çünki tələbələrin akademik məlumatlarının vahid platformada toplanması və avtomatik təsdiqi diplomların hazırlanma müddətini əhəmiyyətli dərəcədə qısalda bilər:
“Lakin hazırda bu sahədə vahid və tam inteqrasiya olunmuş sistemin olmaması, məlumatların gec yenilənməsi, qurumlar arasında real vaxt rejimində məlumat mübadiləsinin zəifliyi və rəqəmsal təsdiq mexanizmlərinin məhdud tətbiqi kimi çatışmazlıqlar mövcuddur ki, bunlar elektronlaşmanın effektivliyini azaldır”.
V.Qafarov eyni zamanda ölkəmizdə diplomların verilməsi kontekstində beynəlxalq təcrübəyə də diqqət çəkib:
“Beynəlxalq təcrübəyə nəzər saldıqda isə görünür ki, bir çox inkişaf etmiş ölkələrdə məzunlara universiteti bitirdikdən dərhal sonra müvəqqəti elektron sertifikatlar, rəsmi transkriptlər və ya rəqəmsal diplomlar təqdim olunur, kağız diplom isə yalnız əlavə sənəd kimi sonradan verilir və onun gecikməsi məzunun hüquqlarına təsir etmir; bundan əlavə, rəqəmsal təsdiq sistemləri vasitəsilə işəgötürənlər diplomların doğruluğunu onlayn şəkildə yoxlaya bilirlər ki, bu da prosesi daha şəffaf və çevik edir”.
Milli Məclisin üzvü onu da əlavə edib ki, Azərbaycanda kağız diplomun əsas hüquqi sənəd kimi qalması onun gecikməsinin məzunların əmək bazarına çıxışına birbaşa təsir göstərməsinə səbəb olur:
“Belə ki, bir çox işəgötürənlər rəsmi diplom təqdim olunmadan işə qəbul prosesini yekunlaşdırmır, nəticədə məzunlar iş imkanlarını itirir, işə qəbul prosesləri uzanır və bəzən qeyri-rəsmi məşğulluğa yönəlmək məcburiyyətində qalırlar; eyni zamanda xaricdə təhsil almaq istəyən gənclər üçün sənədlərin gecikməsi qəbul müddətlərini qaçırmaq kimi daha ciddi nəticələr doğurur ki, bu da ümumilikdə insan kapitalının inkişafına mənfi təsir edir.
Bütün bunları nəzərə alaraq demək olar ki, diplomların gecikməsi təkcə texniki deyil, daha çox sistemli idarəetmə və koordinasiya problemidir və bu sahədə rəqəmsallaşmanın genişləndirilməsi, prosedurların sadələşdirilməsi və institusional islahatların həyata keçirilməsi zəruridir; qeyd etmək lazımdır ki, artıq elektron diplomlara keçid məsələsi gündəmdə olan prioritet istiqamətlərdəndir və bu istiqamətdə atılacaq addımlar nəticəsində gələcəkdə bu kimi problemlərin aradan qalxacağı gözlənilir”, – deyə o fikrini tamamlayıb.
Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, bəzi ali təhsil müəssisələri sanki bilərəkdən diplomların verilməsi məsələsinə laqeyd yanaşılır.
“Bəzi hallarda isə problemin mənbəyi tələbənin və ya məzunun özü olur. Nümunə olaraq, hər hansı fəndən akademik borcu qalır və ya universitetə ödəniş borcu olur. Belə hallarda diplomun verilməsində çətinlik yaranması anlaşılandır. Ancaq əksər hallarda tələbənin nə akademik borcu, nə də universitet qarşısında maliyyə öhdəliyi olur, buna baxmayaraq, məzunlar diplomlarını əldə etməkdə yenə də çətinliklə üzləşirlər.
Düşünürəm ki, burada əsas səbəblərdən biri texniki problemlər, digəri isə uzlaşmanın olmamasıdır. Adətən məlumatlar vaxtında Elm Təhsil Nazirliyinə təqdim edilməli, diplomlar hazırlanmalı, daha sonra aidiyyəti şöbələrə göndərilməli və sonda universitet tərəfindən tələbələrə təqdim olunmalıdır. Bu mexanizmlər arasında həm texniki çatışmazlıqların, həm də koordinasiya probleminin olması başlıca maneələrdəndir.
Elektron sistemin tətbiqi, əlbəttə, prosesi sürətləndirə bilər. Bu halda mövcud bürokratik maneələr xeyli azalacaq və məzun diplomunu daha rahat şəkildə təqdim etmək imkanı əldə edəcək. Yəni tələbə təhsilini başa vurduqdan sonra onun diplomu elektron bazada yer alacaq və həmin məlumatlar onun razılığı əsasında istənilən qurum tərəfindən yoxlana biləcək. Bu da prosesin daha operativ və şəffaf getməsinə şərait yaradacaq”.

Ekspert həmçinin vurğulayıb ki, əvvəlki illərdə məzun olanların diplom məlumatlarının sistemə işlənməsi ilə bağlı isə bu günə qədər müəyyən qarışıqlıqlar qalmaqdadı:
“Bu məlumatların tam şəkildə bazaya daxil edilməsi uzun vaxt tələb edir. Son dövrlərdə məzun olanlarla bağlı isə məlumatların birbaşa elektron bazada yer alması prosesi nisbətən asanlaşdırır və bu istiqamətdə işlər daha sistemli aparılmalıdır. Beynəlxalq təcrübəyə gəldikdə, kağız diplomların verilməsi artıq bir çox ölkələrdə köhnəlmiş yanaşma hesab olunur. Əksər ölkələr rəqəmsal formata keçid etdikdən sonra diplomların elektron qaydada təqdim olunmasına üstünlük verirlər. Bu yanaşma həm prosedurları sadələşdirir, həm də kağız daşıyıcılardan istifadənin azalması baxımından daha səmərəli hesab olunur.
Diplomların vaxtında verilməməsi məzunların əmək bazarına çıxışına da ciddi maneə yaradır. Onlar iş üçün müraciət etdikdə və ya müsahibəyə dəvət olunduqda diplomu təqdim edə bilmədiklərinə görə çətinlik yaşayırlar. Bu isə onların karyeraya daha erkən başlamaq imkanlarını məhdudlaşdırır. Ona görə də ali təhsil müəssisələri bu amilləri nəzərə almalı, diplomların vaxtında təqdim olunması istiqamətində daha çevik və praktik addımlar atmalıdırlar”, – deyə ekspert qeyd edib.
Mənbə: Modern.az
