Aktual Bu gün, 11:37 Cənubi Qafqazda formalaşan sülh nizamı və qərəzli xarici müdaxilə

Qlobal geosiyasi münasibətlərin sürətlə dəyişdiyi çağdaş dünyada sülhə xidmət edən siyasətlə geosiyasi qərəz arasında fərq getdikcə daha aydın görünür. Son günlər Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qəbul etdikləri qətnamələr də məhz bu mənada obyektiv diplomatiyanın deyil, siyasi manipulyasiyanın nümunəsi kimi qiymətləndirilməlidir. Zahirdə “insan hüquqları”, “regional təhlükəsizlik” və “demokratik dəyərlər” kimi şüarlarla təqdim olunan bu sənədlər əslində Cənubi Qafqazda formalaşmaqda olan yeni sülh nizamına qarşı yönəlmiş qərəzli müdaxilə cəhdidir.

Bu qətnamələrin mahiyyətinə nəzər saldıqda aydın olur ki, onların əsas problemi faktoloji zəiflik deyil, siyasi niyyətin qüsurlu olmasıdır. Azərbaycan və Ermənistan arasında uzun illər davam etmiş münaqişədən sonra regionda yeni reallıqlar yaranmış, tərəflər birbaşa dialoq yolu ilə münasibətlərin normallaşdırılması istiqamətində mühüm mərhələyə qədəm qoymuşlar. Belə bir həssas mərhələdə kənar siyasi mərkəzlərin birtərəfli və emosional sənədlərlə prosesə müdaxilə etməsi sülhə töhfə deyil, əksinə, etimad mühitinə zərbədir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, sözügedən sənədlər Azərbaycan və Ermənistan parlament rəhbərlərinin növbəti təmasları fonunda qəbul edilmişdir. Bu isə həmin dairələrin regionda dialoqu təşviq etmək niyyətində olmadığını, əksinə, barışıq prosesinə kölgə salmağa çalışdıqlarını göstərir. Siyasi təcrübə göstərir ki, sülhə ən böyük təhlükə bəzən müharibə ritorikasından deyil, sülh adı altında aparılan qərəzli müdaxilələrdən qaynaqlanır.

Belçika parlamentinin sənədində Vaşinqtonda əldə olunmuş mühüm siyasi nəticələrin, o cümlədən Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasının bilərəkdən qeyd edilməməsi ayrıca diqqət tələb edir. Əgər bir parlament regionla bağlı qərar qəbul edirsə, lakin son illərin ən mühüm diplomatik nailiyyətini görməzdən gəlirsə, burada ya ciddi məlumat boşluğu, ya da qəsdən seçilmiş siyasi yanaşma mövcuddur. Hər iki hal isə parlamentarizm ənənələri baxımından qəbuledilməzdir.

Digər tərəfdən, sərhəd bölgəsində vəziyyətin “yüksək hərbi risk” kimi təqdim olunması da reallıqla uzlaşmır. Son dövrlərdə sərhəddə nisbi sabitliyin qorunması, gərginliyin azalması və tərəflər arasında təmasların artması danılmaz faktdır. Bu şəraitdə süni təhlükə narrativləri yaratmaq regiona yardım deyil, müəyyən xarici strukturların mövcudluğunu legitimləşdirmək cəhdidir.

Hüquqi məsələlərin siyasiləşdirilməsi isə ayrıca təhlükəli tendensiyadır. Müharibə və insanlıq əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin “müharibə əsiri” kimi təqdim olunması beynəlxalq hüququn anlayışlarını məqsədli şəkildə təhrif etmək deməkdir. Hüquqi prosedurların nəticələrini siyasi simpatiyalar əsasında yenidən yozmaq nə insan hüquqlarına xidmət edir, nə də ədalət prinsipinə. Əksinə, bu yanaşma beynəlxalq hüquq institutlarının nüfuzuna zərbə vurur.

Azərbaycanın mövqeyi isə aydındır və prinsipialdır: regionun gələcəyi kənardan diktə edilən qətnamələrlə deyil, birbaşa dialoq, qarşılıqlı suverenliyə hörmət və real əməkdaşlıq vasitəsilə müəyyən olunmalıdır. Bu gün nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin formalaşması, təhlükəsizlik mühitinin möhkəmlənməsi üçün tarixi imkan yaranmışdır. Belə bir mərhələdə məsuliyyətli siyasət revanşizmi deyil, barışığı təşviq etməlidir.

Milli Məclisin Belçika və Niderland parlamentlərinin qərəzli sənədlərini qətiyyətlə pisləməsi də məhz dövlətimizin milli maraqlarına, beynəlxalq hüquqa və regional sülh gündəliyinə əsaslanan legitim mövqedir. Azərbaycan heç vaxt təzyiq dili ilə danışan siyasi dairələrin diktəsini qəbul etməyəcək.

Tarix göstərir ki, uzaqdan yazılan qərəzli qətnamələr yox, bölgədə yaşayan xalqların iradəsi qalib gəlir. Cənubi Qafqazın gələcəyini də siyasi korluq deyil, sağlam düşüncə və qarşılıqlı hörmət müəyyən edəcək.

Cavanşir Feyziyev, 

Milli Məclisin deputatı


Mənbə: Modern.az

Bir cavab yazın