Ermənistan Qarabağda mədəniyyət soyqırımı həyata keçirib – ŞƏRH

Müharibələr mədəniyyətin bitdiyi yerdə başlayır. Bu mənada, işğal torpağın zəbt edilməsi ilə yanaşı, xalqın yaddaşına, ruhuna, kimliyinə vurulan ən ağır zərbədir. Ermənistanın uzun illər ərzində Azərbaycanın işğal altında saxladığı ərazilərdə həyata keçirdiyi vandalizm siyasəti də məhz bu məqsədə xidmət edirdi: təkcə şəhərləri viran qoymaq yox, tarixi silmək, izləri yox etmək, bir millətin keçmişini gələcəyindən qoparmaq.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimov bildirib. 

Deputat qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış məscidlər, təhqir olunmuş qəbiristanlıqlar, yerlə-yeksan edilmiş türbələr, talan edilmiş muzeylər, yandırılmış kitabxanalar sadəcə hərbi qələbə deyildi:

“Bu, sistemli, planlı və məqsədyönlü bir siyasət idi. Məscidlərin tövlə kimi istifadə olunması, dini abidələrin təhqir edilməsi mənəvi terror idi. Bu, bir xalqın müqəddəsinə qarşı açıq hörmətsizlik, onun tarixi yaddaşına qarşı yönəlmiş barbarlıq idi”.

Tarixi abidələr sadəcə daşdan ibarət deyil. Onlar xalqın kimliyidir, onun keçmişinin canlı şahididir. Bir məscidi dağıtmaq yalnız divarı uçurtmaq deyil, əsrlərin dualarını susdurmaqdır. Bir qəbiristanlığı məhv etmək yalnız torpağı qazmaq deyil, nəsillər arasındakı bağları qırmaqdır:

“Buna görə də bu əməllər sadəcə vandalizm yox, “mədəniyyət soyqırımı” kimi qiymətləndirilməlidir. Necə ki, fiziki soyqırımı bir xalqı cismani olaraq məhv etməyə yönəlirsə, mədəniyyət soyqırımı da onun yaddaşını, tarixini və mənəvi dayaqlarını məhv etməyə hesablanır. Bu, beynəlxalq hüququn, xüsusilə UNESCO konvensiyalarının, Haaqa Konvensiyasının və insanlığın ortaq dəyərlərinin kobud şəkildə tapdanmasıdır”.

E. Akimova qeyd edib ki, Azərbaycan dövləti bu məsələdə həm hüquqi, həm də mənəvi mübarizə aparır. Azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri təkcə şəhərlərin dirçəldilməsi deyil, tarixi ədalətin bərpasıdır:

“Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, biz yalnız torpaqlarımızı deyil, tariximizi, kimliyimizi və milli ləyaqətimizi geri qaytardıq. Bu gün Qarabağda ucalan yeni məscidlər, bərpa olunan tarixi abidələr, yenidən həyat qayıdan şəhərlər Azərbaycanın iradəsinin, dövlət gücünün və milli birliyinin simvoludur.

Lakin təkcə bərpa kifayət deyil. Ermənistanın törətdiyi bu cinayətlər beynəlxalq müstəvidə hüquqi məsuliyyətə çevrilməlidir. Dünya susmamalıdır. Əgər bir xalqın mədəni irsinə qarşı bu qədər açıq hücum cəzasız qalırsa, bu, sabah başqa xalqlara qarşı da eyni cinayətlərin yolunu açır. Beynəlxalq təşkilatlar ikili standartlardan imtina etməli, faktlara siyasi maraqlar prizmasından deyil, ədalət prizmasından baxmalıdır”.

“Azərbaycan bu həqiqətləri dünyaya çatdırmaqda haqlıdır və haqlı tərəf həmişə daha güclüdür. Çünki həqiqətin qarşısında saxta təbliğat dayana bilməz. Qarabağın dağıdılmış məscidləri, viran qoyulmuş şəhərləri, susdurulmuş abidələri bu gün öz dili ilə danışır və deyir: burada yalnız torpaq yox, tarix də işğal olunmuşdu.
Ancaq tarix susmur. Ədalət gecikə bilər, amma itmir. Bu gün Azərbaycan yalnız öz haqqını deyil, beynəlxalq hüququn nüfuzunu da müdafiə edir. Qarabağda bərpa olunan hər daş, ucalan hər minarə, yanan hər işıq bir mesaj verir: bu xalqın yaddaşını silmək mümkün deyil. Azərbaycanın tarixi də, irsi də, həqiqəti də yaşayır və yaşayacaq!” – deputat açıqlamasında vurğulayıb.

151466215146631514664151466515146661514667

 

Fotolar işğal dövründə xarici jurnalistlər tərəfindən çəkilib

 

 

 


Mənbə: Modern.az

Bir cavab yazın