TƏBİB-də aparılan dəyişikliklər yeni mərhələnin başlanğıcıdır – deputat

Son dövrlərdə TƏBİB-də həyata keçirilən kadr və struktur dəyişiklikləri səhiyyə sistemində islahatların dərinləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən millət vəkili Müşfiq Məmmədli bildirib ki, TƏBİB-in yeni icraçı direktorunun təyin olunması və icbari tibbi sığorta sahəsində yeni mərhələnin başlanması bu qurumda müəyyən korreksiyaları zəruri edirdi.

Onun sözlərinə görə, həm Hesablama Palatasının yoxlamaları, həm də Maliyyə Nazirliyinin daxili auditləri zamanı qanunvericiliklə tam uzlaşmayan bəzi pozuntular aşkar edilib:

“Bu baxımdan həmin nöqsanların aradan qaldırılması və islahatların daha effektiv həyata keçirilməsi üçün ciddi addımların atılması vacibdir”.

Deputat qeyd edib ki, TƏBİB-in yeni rəhbərinin səhiyyə sahəsində uzun illərə söykənən təcrübəyə malik olması, həm praktik həkim, həm də idarəçi kimi formalaşması bu proseslərin uğurla icra olunacağına inam yaradır:

“Bu, həm tibb ictimaiyyəti üçün ümidverici məqamdır, həm də qarşıya qoyulan hədəflərə çatmaq baxımından mühüm amildir”.

Müşfiq Məmmədli vurğulayıb ki, baş verən dəyişikliklər yalnız struktur islahatı deyil, eyni zamanda səhiyyə sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu mərhələ şəffaflıq, büdcə vəsaitlərinə ciddi nəzarət və resurslardan səmərəli istifadə prinsiplərinə əsaslanır.

“İcbari Tibbi Sığorta Fondunun imkanlarından vətəndaşların maneəsiz istifadəsinin təmin edilməsi də əsas prioritetlərdəndir”, – deyə o əlavə edib.

Deputatın fikrincə, islahatlar mərhələli şəkildə davam etdikcə, bu proseslə ayaqlaşa bilməyən kadrlarla yollar ayrılır, yeni kadrlar isə sistemə cəlb olunur:

“Nəticədə daha modern, daha əlçatan və vətəndaşların sağlamlığının qorunmasına xidmət edən effektiv səhiyyə sisteminin formalaşması mümkün olacaq”.


Mənbə: Modern.az

Bir cavab yazın