Mayda qar, fırtına və sel gözlənilir – xəbərdarlıq
Türkiyənin Daxili İşlər Nazirliyi ölkə üzrə “sarı” təhlükə səviyyəsi elan edib.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, sinoptiklərin məlumatına görə, ölkəyə may ayı üçün qeyri-adi sayılan kəskin hava şəraiti yaxınlaşır.
Proqnozlara əsasən, Türkiyənin müxtəlif bölgələrində qışa xas qar yağışı, güclü yağışlar və fırtınalar müşahidə oluna bilər. Xüsusilə İstanbul şəhərində bu gündən etibarən güclü külək və fırtına gözlənilir.
Ölkənin cənub və cənub-şərq bölgələrində isə intensiv yağıntılar səbəbindən sel və daşqın riski artır. Ən diqqət çəkən məqamlardan biri isə may ayının ortasında qar və şaxta ehtimalıdır. Sinoptiklər Mərkəzi Anadolu və Egey regionunin yüksək dağlıq ərazilərində sulu qar yağacağını bildirir.
Bildirilib ki, yolların buz bağlaması riski xüsusilə Ankara, Eskişehir, Afyonkarahisar və Konya şəhərlərində daha yüksəkdir.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyət həm yerli əhali, həm də turistlər üçün planların pozulmasına səbəb ola bilər. Mərkəzi bölgələrdə yolların buzlanması, cənub vilayətlərində isə qəfil daşqınlar və küləyin gətirdiyi toz səbəbindən “palçıqlı yağışlar” müşahidə edilə bilər. Risk zonasında olan şəhərlər arasında Mersin və Antalya da var.
Türkiyə mətbuatının yazdığına görə, may ayında hava şəraitinin dəyişkən olması adi hal sayılsa da, ölkənin mərkəzində qar, iri şəhərlərdə isə eyni vaxtda fırtına müşahidə olunması nadir hallarda baş verir.
Mənbə: Modern.az
