Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhə etmirəm
Azərbaycanla yolların tam açılmasına şübhə etmirəm.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə brifinqində deyib.
Ermənistan lideri bildirib ki, sülh sazişinin imzalanmasına şübhə yoxdur, lakin bu son deyil. Əksinə, saziş imzalandıqdan sonra müxtəlif sahələr üzrə yeni razılaşmaların əldə olunması zəruri olacaq.
“Məsələn, nəqliyyat sahəsində artıq razılaşma olmadan da əməkdaşlıq var. Bu baxımdan regiondakı layihələr, o cümlədən beynəlxalq tərəfdaşlarla müzakirə olunan təşəbbüslər çox önəmlidir”.
Nikol Paşinyan vurğulayıb ki, Ermənistanla Azərbaycan və Türkiyə ilə sərhədin tam açılması da sülhün institusionallaşmasının mühüm addımı olacaq.
“Mən buna şübhə etmirəm. Bu, qarşılıqlı tranzit, sərbəst hərəkət və yükdaşımaların təmin olunması deməkdir, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə də daxil olmaqla bütün bunlar dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanacaq” – Baş nazir vurğulayıb.
Mənbə: Modern.az
