Azərbaycanlı zəvvarların ilk qrupu Məkkəyə yola düşəcək – Tarix açıqlandı

Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı hazırlıq prosesi davam edir. Qafqaz Müsəlmanları İdarəsinin Həcc Missiyasının üzvləri artıq Səudiyyə Ərəbistanındadırlar və Məkkədə zəvvarların qarşılanması üçün hazırlıq işlərini davam etdirirlər.

Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, zəvvarlar mayın 17-dən etibarən Səudiyyə Ərəbistanına gəlməyə başlayacaqlar. 

“Həcc rəhbərləri Azərbaycanda öz qrupları ilə bir neçə iclas keçiriblər. Zəvvarlara bütün təhlükəsizlik təlimatları, Həcc əməllərinin nəzəri izahı və digər zəruri məlumatlar verilir”, – QMİ rəsmisi bildirib.

V.Cahangiri əlavə edib ki, Səudiyyə Ərəbistanı Krallığının aidiyyəbi qurumlarından daxil olan qayda və təlimatlar da qrup rəhbərlərinə çatdırılıb:

“Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirliyindən bizə daxil olmuş təlimatlar və qayda-qanunlar tərəfimizdən qrup rəhbərlərinə çatdırılıb, onlar da həmin məlumatları zəvvarların diqqətinə təqdim edirlər. Ümumən hər şey plan üzrə qaydasında gedir. Səudiyyə Ərəbistanında ildən-ilə təhlükəsizlik və digər qaydalar daha ciddi şəkildə tətbiq olunur”.

O qeyd edib ki, azərbaycanlı zəvvarların yerləşəcəyi otellər yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub:

“Otellər yalnız Azərbaycan zəvvarları üçün bron edilmiş otellərdir. Zəvvarlarımızın rahatlığı üçün bütün şəraitlər tərəfimizdən təmin olunub”.


Mənbə: Modern.az

Bir cavab yazın