Azərbaycan bu nominasiya üzrə qalib elan olundu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) Böyük Britaniyanın nüfuzlu nəşri “Global Brand Magazine” tərəfindən təşkil olunan beynəlxalq müsabiqədə “İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası” nominasiyası üzrə qalib elan olunub.

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.  

Dövlət Xidmətinə mükafatın təqdim edilməsində əsas meyarlar kimi “Vahid Mədəniyyət Reyestri” informasiya sisteminin yaradılması, 3000-dən çox daşınmaz mədəni irs nümunəsi üzrə məlumatların vahid rəqəmsal platformaya inteqrasiyası istiqamətində fəaliyyətlər, Qarabağ və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələri üzrə genişmiqyaslı inventarlaşdırma və qiymətləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb etmişdir. Bu çərçivədə Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarının tətbiqi, “MyCulture” vahid şəxsi kabinet sistemi üzərindən rəqəmsal müraciət imkanları, eləcə də şəffaflıq, operativlik və vətəndaşyönümlü dövlət xidməti modelinin formalaşdırılması üzrə davam edən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd olunub.

“Dövlət sektoru” kateqoriyası üzrə mükafatlar Yaponiya Nazirlər Kabineti, Almaniya Federal Məşğulluq Agentliyi, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti, Sinqapur Dövlət Texnologiya Agentliyi, İsrail Milli Kibertəhlükəsizlik Direktorluğu, Avstraliya Qiymətli Kağızlar və İnvestisiyalar Komissiyası, Danimarka Enerji Agentliyi, Hindistan İnvestisiya Agentliyi, Amsterdam Bələdiyyəsi, Qətər İnkişaf Bankı kimi nüfuzlu təşkilatlara və “e-Estonia”, “Smart Dubai” kimi qlobal miqyasda nüfuz qazanmış meqa layihələrə təqdim edilib. Bu fakt Dövlət Xidmətinin mədəni irsin idarəedilməsi və qlobal texnologiyaların tətbiqi sahəsində artan nüfuzunu təsdiqləməklə yanaşı, mədəni irsin qorunması sahəsində həyata keçirilən institusional transformasiya, rəqəmsallaşdırma və formalaşdırılmaqda olan müasir dövlət xidmətləri modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisi hesab olunur.

Qeyd edək ki, “Global Brand Magazine” beynəlxalq səviyyədə dövlət idarəçiliyi, innovasiya, korporativ transformasiya və institusional inkişaf sahələrində fəaliyyət göstərən qurumların qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.

Əldə olunan bu beynəlxalq uğur Azərbaycanın mədəni irs sahəsində həyata keçirdiyi dövlət siyasətinin möhkəm ənənələr, təkmil idarəetmə, innovasiya və dayanıqlı inkişaf prinsiplərinə əsaslandığını, ölkədə bu istiqamətdə nümunəvi idarəetmə modelinin formalaşdırılmasını nümayiş etdirir.
 
//www.globalbrandsmagazine.com/award-winners-2026/


Mənbə: Modern.az

Bir cavab yazın