Doqquzuncuların nəzərinə: bu ixtisaslarda gərgin rəqabət olacaq

Azərbaycanda 9-cu sinif bazası üzrə keçirilən buraxılış imtahanlarının nəticələrinin açıqlanması kolleclərə qəbul mərhələsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu il imtahan nəticələrinin ümumi mənzərəsi, yüksək bal toplayan şagirdlərin sayı, eləcə də bəzi ixtisaslara marağın artması qəbul müsabiqəsində rəqabətin hansı istiqamətdə dəyişəcəyinə dair ilkin proqnozları da aktuallaşdırır. Xüsusilə bəzi ixtisaslar üzrə rəqabətin artacağı gözlənildiyi üçün qəbul ballarında dəyişiklik olub-olmayacağı diqqət mərkəzindədir.

Maraqlıdır, mövcud nəticələr fonunda builki kolleclərə qəbul ballarında artım gözlənilirmi? İlkin proqnozlar nəyi göstərir?

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, 9 illik baza üzrə 5 və 12 aprel tarixlərində keçirilən imtahan nəticələrini əvvəlki illərin imtahan nəticələri ilə müqayisə etdikdə, maksimum nəticə göstərən şagird sayının bu il üçün normal hesab oluna biləcəyini demək olar.

“Ümumilikdə şagirdlərin nəticələri yaxşıdır. Çünki yeni tətbiq edilən imtahan modelindən sonra şagirdlər artıq bu sistemə uyğunlaşıblar və imtahanları daha rahat yaza bilirlər. Kolleclərə qəbul zamanı formalaşacaq keçid ballarında müəyyən dəyişikliklər ola bilər. Bildiyiniz kimi, 9 illik baza üzrə yerlərin sayı azalıb və bu da ixtisaslar üzrə balların fərqlənməsinə təsir göstərir. Buna görə də 9 illik baza üzrə rəqabətin kifayət qədər gərgin olacağını proqnozlaşdırmaq olar”.

Ekspert nəzərə çatdırıb ki, 300 bal toplayan abituriyentlərin hamısı kolleclərə sənəd vermir:

“Belə ki, həm əvvəlki illərin, həm də cari ilin məzunları daxil olmaqla təxminən 30 min nəfərin kolleclərə qəbul prosesində iştirak edəcəyi gözlənilir. Bu isə iştirakçı sayının kifayət qədər çox olduğunu göstərir.

Qəbul plan yerlərinin isə təxminən 9 min civarında olduğu bildirilir. Bu da onu deməyə əsas verir ki, 9 illik baza üzrə kolleclərə qəbul zamanı rəqabət kifayət qədər yüksək olacaq. Şagirdlər ixtisas seçimi zamanı xüsusilə diqqətli davranmalıdırlar”.

E.Əfəndi onu da əlavə edib ki, əsasən maliyyə, biznes, iqtisadiyyat və kompüter sahəsi ilə bağlı ixtisaslarda rəqabətin daha yüksək olacağı gözlənilir:

“Çünki bu istiqamətlərə maraq və tələbat çoxdur. Buna görə də seçim zamanı ötən illərdə həmin ixtisaslar üzrə formalaşmış keçid ballarına diqqət yetirmək vacibdir.

Abituriyentlər seçim edərkən həm öz ballarını, həm də əvvəlki illərin nəticələrini düzgün analiz etməlidirlər. Əgər bu amillər nəzərə alınmasa və seçimlər düşünülmüş şəkildə aparılmasa, qəbul olunmamaq ehtimalı daha yüksək olaraq qalır”.


Mənbə: Modern.az

Bir cavab yazın