Azərbaycanda günəş panelləri və ağıllı sistemlər binalara inteqrasiya olunur

Binalarda enerji səmərəliliyinin artırılması və təmiz enerji həllərinin inteqrasiyası dekarbonizasiya prosesində əsas istiqamətlərdən biridir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində    “Şəhər-Sənaye-İqlim əlaqəsi kontekstində mənzil və binaların karbonsuzlaşdırılması” adlı panel sessiyada İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova bildirib.

O qeyd edib ki, emissiyaların azaldılması üçün ilk mərhələdə passiv dizayn tədbirləri xüsusi əhəmiyyət daşıyır:

“Binaların düzgün layihələndirilməsi, kölgələndirmə sistemləri, istilik izolyasiyası və gün işığından optimal istifadə ilkin mərhələdə dekarbonizasiyaya ciddi töhfə verir”.

A.Yaqubovanın sözlərinə görə, ikinci mühüm istiqamət mövcud binaların enerji baxımından yenilənməsi, yəni “retrofitting” tədbirləridir:

“Enerji səmərəli pəncərələrin quraşdırılması, dam sistemlərinin yenilənməsi və istilik itkisini azaldan tədbirlər xüsusilə regionumuz üçün vacibdir. Çünki burada köhnə və tarixi binalar üstünlük təşkil edir”.

İcraçı direktor vurğulayıb ki, təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri də tikililərə təmiz enerji sistemlərinin inteqrasiyasıdır. Buraya damüstü günəş panelləri, mərkəzləşdirilməmiş enerji sistemləri, ağıllı idarəetmə həlləri və rayon tipli istilik-soyutma sistemləri daxildir.

“Enerji səmərəliliyi siyasəti yalnız yeni tikililəri əhatə etməməlidir. Onilliklər boyu istifadə olunacaq köhnə binaları diqqətdən kənarda qoymaq olmaz”.

O əlavə edib ki, region ölkələrində artıq müxtəlif tədbirlər həyata keçirilir. 

“Azərbaycanda “yaşıl bina” standartlarının tətbiqi təşviq olunur və hökumət tərəfindən yaşıl taksonomiya qəbul edilib. Türkiyədə binaların enerji performansı ilə bağlı qaydalar tətbiq edilir, Qazaxıstanda sovet dövründən qalma binaların genişmiqyaslı yenilənməsi aparılır, Qırğızıstanda isə BMT və UNDP dəstəyi ilə tikinti qanunvericiliyi yenilənərək bərpa olunan enerji həlləri və məcburi temperatur nəzarəti sistemləri daxil edilib”.

A.Yaqubova nəzərə çatdırıb ki, dayanıqlı enerji mərkəzləri regionlar arasında təcrübə mübadiləsi, texniki dəstək, maliyyə resurslarının cəlbi və siyasət dialoqu baxımından mühüm rol oynayır:

“Azərbaycandan olan iştirakçının təqdim etdiyi “Heliocycle” təşəbbüsü də nümunə kimi göstərilib. Layihə hava şəraitinə uyğun istilik istifadəsi və davranış tövsiyələri təqdim edən rəqəmsal platformadır”.

O eyni zamanda bildirib ki, enerji səmərəliliyi yalnız texnologiya ilə bağlı deyil:

“Bir çox hallarda davranış dəyişiklikləri də ən az texnoloji həllər qədər vacib rol oynayır”, – deyə icraçı direktor qeyd edib.


Mənbə: Modern.az

Bir cavab yazın