Deputatdan magistratura imtahanının təkrar keçirilməsinə REAKSİYA
“Magistraturaya II cəhd qəbul imtahanının iyunun 14-də təkrar keçirilməsi ilə bağlı qəbul olunan qərarı doğru, həssas və ədalətli yanaşma hesab edirəm. Çünki mayın 17-də müşahidə olunan ağır hava şəraiti, intensiv yağışlar və nəqliyyat sistemində yaranmış ciddi çətinliklər səbəbindən bəzi bakalavrlar imtahan mərkəzlərinə vaxtında çata bilməyiblər. Bu hal onların hazırlıq səviyyəsi və biliyi ilə deyil, tamamilə fors-major vəziyyətlə bağlı idi”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
“Hesab edirəm ki, belə məqamlarda əsas prinsip gənclərin hüquqlarının qorunması və hər kəs üçün bərabər imkanların təmin edilməsidir. Aylarla imtahana hazırlaşan bir gəncin yalnız hava şəraiti və ya nəqliyyat problemi səbəbindən öz biliyini nümayiş etdirə bilməməsi onun gələcəyinə mənfi təsir etməməlidir.
Dünya təcrübəsində də buna bənzər hallarla tez-tez qarşılaşılır. Müxtəlif ölkələrdə qasırğa, qar fırtınası, sel, zəlzələ, pandemiya və digər fövqəladə hallar səbəbindən imtahanların təxirə salınması və ya yenidən təşkili praktikası tətbiq olunub”, – C.Məmmədov deyib.
Deputatın sözlərinə görə, iyunun 14-nə təyin olunan əlavə imtahan qərarı həm humanist yanaşmanın, həm sosial ədalət prinsipinin, həm də dövlətin gənclərin təhsil hüququna həssas münasibətinin nümunəsidir:
“Belə qərarlar cəmiyyətdə etimadı gücləndirir və göstərir ki, əsas məqsəd formal prosedur deyil, obyektiv və ədalətli qiymətləndirmənin təmin olunmasıdır.
Düşünürəm ki, gənclərin təhsil və gələcək imkanları ilə bağlı məsələlərdə çevik, anlayışlı və məsuliyyətli yanaşma nümayiş etdirmək olduqca vacibdir. Çünki təhsil yalnız imtahan nəticəsi deyil, eyni zamanda insan kapitalının formalaşması və ölkənin gələcəyinə qoyulan ən mühüm sərmayədir”.
Dövlət İmtahan Mərkəzi (DİM) 17 may tarixində Bakı şəhəri, Abşeron rayonu və Sumqayıtda əlverişsiz hava şəraiti ilə əlaqədar yaşanmış fors-major halını nəzərə alaraq ali məktəblərin magistraturalarına təkrar qəbul imtahanı keçirəcək.
Təkrar imtahan üçün qeydiyyat 21-23 may tarixlərində DİM-in saytında yerləşdiriləcək keçid vasitəsilə aprılacaq.
14 iyun 2026-cı il tarixində Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.
DİM bəyan edib ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün təkrar imtahan ödənişsizdir. 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
Bakalavrlar ixtisas seçimi zamanı 15.02.2026 tarixli I cəhd, 17.05.2026 tarixli II cəhd və 14.06.2026 tarixli təkrar imtahanda əldə etdikləri ən yüksək nəticədən istifadə etməlidirlər.
Mənbə: Modern.az
