Aktual Bu gün, 12:46 Azərbaycanda enerji səmərəliliyi üçün yeni mexanizmlər hazırlanır
Azərbaycan yaşayış məntəqələrində ekoloji təmiz enerji mənbələrinin tətbiqini genişləndirməyə çalışır.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Şəhər-Sənaye-İqlim əlaqəsi kontekstində mənzil və binaların karbonsuzlaşdırılması” adlı panel sessiyada Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, ekoenerji dedikdə əsasən günəş və külək enerjisindən istifadə nəzərdə tutulur.
Onun sözlərinə görə, Azərbaycan parlamentində bu istiqamətdə müvafiq qaydalar qəbul olunub və enerji səmərəliliyinin artırılması üçün maliyyə mexanizmləri üzərində iş aparılır:
“Bu məsələ təkcə siyasi yanaşma deyil, həm də milli tələbatdır. Azərbaycan artıq yaşıl enerji layihələrinin dəstəklənməsi məqsədilə fond yaradıb və sahibkarlar üçün müxtəlif proqramlar təqdim edir. Yaşayış məntəqələrində ekoloji enerji mənbələrinin istifadəsini təşviq edirik. Yaşıl enerjinin prioritetə çevrilməsi mühüm əhəmiyyət daşıyır”.
P.Vəliyeva onu da əlavə edib ki, Qarabağda həyata keçirilən yenidənqurma işlərində də yaşıl enerji konsepsiyasına üstünlük verilir:
“Yen infrastruktur qurulur, yaşayış məntəqələri tikilir və həmin ərazilər günəş panelləri ilə təmin olunur”, – deputat qeyd edib.
Mənbə: Modern.az
