Bakıda mayda niyə dolu düşdü? – AÇIQLAMA
May ayında müşahidə olunan qeyri-sabit hava şəraiti və intensiv yağıntılar cəmiyyətdə yay aylarının necə keçəcəyi ilə bağlı narahatlığı artırıb. Son günlər havanın tez-tez dəyişməsi, bəzi bölgələrdə güclü yağış və sel halları iqlim dəyişikliklərinin Azərbaycana təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Az öncə Bakıya yağan dolu və intensiv yağış bu narahatlığı daha da artırıb.
Mütəxəssislər hesab edir ki, dünyada müşahidə olunan qlobal istiləşmə və atmosferdə baş verən dəyişikliklər artıq region ölkələrində, o cümlədən Azərbaycanda da daha qabarıq şəkildə hiss olunur.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında hava üzrə mütəxəssis Cavidan Əliyev bildirib ki, may ayında qeyri-sabit hava şəraiti əvvəllər də müşahidə olunub, lakin hazırda əsas fərq yağıntıların intensivliyindədir.
Onun sözlərinə görə, bu hal qlobal istiləşmə ilə əlaqəlidir:
“Yay aylarında uzunmüddətli və güclü istilik dalğaları da istisna olunmur. Yağıntıların normal həddə düşməsi kənd təsərrüfatı üçün müsbət hal sayılsa da, qısamüddətli və həddindən artıq intensiv yağışlar müxtəlif xəstəliklərin yaranmasına, həmçinin bitkilərin yerə yatmasına səbəb olur”.
Professor Adil Qeybulla isə qeyd edib ki, hazırda dünyada iqlim dəyişiklikləri daha ciddi şəkildə hiss olunur.
Onun sözlərinə görə, Yer kürəsində istilik tarazlığının pozulmasının əsas səbəblərindən biri atmosferdə karbon qazı və digər çirkləndirici maddələrin həddindən artıq toplanmasıdır:
“Karbon qazı istiliyi saxladığı üçün qlobal temperaturun artmasına gətirib çıxarır. Bu istilik Yer kürəsində bərabər paylanmadığına görə bəzi ərazilərdə anomal istilər, bəzi yerlərdə isə qeyri-adi soyuqlar müşahidə olunur. Əvvəllər az rast gəlinən güclü yağışlar, daşqınlar və digər ekstremal hava hadisələri də məhz bu proseslərlə bağlıdır”.
Professor onu da əlavə edib ki, iqlim dəyişiklikləri yalnız hava şəraitinə deyil, insan sağlamlığına və ekosistemə də ciddi təsir göstərir:
“İqlim dəyişikliyi müxtəlif infeksiyaların fəallaşmasına, ekosistemin pozulmasına və bəzi canlı növlərinin sıradan çıxmasına səbəb ola bilər. Ona görə də bu məsələyə qlobal və ciddi yanaşma zəruridir”.
Mənbə: Modern.az
