Maksimum bal yarışı: Abituriyentləri buna nə məcbur edir?

0

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imkanları geniş olsa da, abituriyentlərin yüksək bal toplamaq uğrunda apardıqları rəqabət arzuladıqları ixtisaslara qəbul olmaq istəyindən irəli gəlir.

Bunu təhsil eksperti Ramin Nurəliyev Modern.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda 200 balla da ali məktəbə qəbul olmaq mümkündür. Lakin əsas məsələ universitetə qəbul olmaq deyil, məhz istənilən ixtisasda təhsil almaqdır.

“Bu gün ali təhsil müəssisələrinə qəbul əlçatandır. Ancaq aşağı bal toplayan abituriyentin seçim imkanları məhdudlaşır. Ona görə də gənclər yüksək bal toplamağa çalışırlar ki, həm seçim imkanları geniş olsun, həm də arzuladıqları ixtisasa qəbul ola bilsinlər”, – deyə o bildirib.

Ekspert qeyd edib ki, xüsusilə süni intellekt, kompüter elmləri və digər prestijli ixtisaslarda rəqabət daha yüksəkdir. Aşağı bal toplayan abituriyentlər isə çox vaxt istəmədikləri ixtisasları seçməyə məcbur qalırlar.

“Bu da sonradan həmin ixtisas üzrə peşəkar kadr kimi formalaşmalarına mane olur. Əmək bazarında öz yerlərini tapa bilməyən bəzi məzunlar fərqli sahələrdə – marketlərdə, restoranlarda və digər xidmət sahələrində işləməyə məcbur qalırlar”, – R.Nurəliyev vurğulayıb.

Onun fikrincə, qəbul sistemindəki yüksək rəqabət valideynləri də erkən yaşlardan övladlarını repetitor yanına göndərməyə vadar edir.

“Valideyn düşünür ki, uşaq aşağı bal toplasa, ya ümumiyyətlə qəbul ola bilməyəcək, ya da arzuladığı ixtisası qazana bilməyəcək. Bu səbəbdən bəzi ailələr uşaqları aşağı siniflərdən hazırlığa yönləndirirlər”, – ekspert deyib.

Ramin Nurəliyev hesab edir ki, qəbul sistemində müəyyən sadələşdirmələrə ehtiyac var. O bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində ali məktəbə qəbul nisbətən asan, universiteti bitirmək isə daha çətindir.

“Bizdə isə əksinədir. Abituriyent beş-altı fəndən bütün proqramı mənimsəməlidir. Bu, həm ağır yükdür, həm də gənclərdə ciddi stress yaradır. Səhər məktəbə gedən şagird günortadan sonra hazırlıq kurslarına və ya repetitor yanına gedir. Onun bütün günü dərslə keçir”, – o qeyd edib.

Ekspert qəbul proqramında fənlərin və ya mövzuların sayının azaldılmasını təklif edib.

“Qəbul proqramı daha çevik olmalıdır. Ya imtahan verilən fənlərin sayı azaldılmalı, ya da mövzular məhdudlaşdırılmalıdır. Bu, həm abituriyentlərin, həm də valideynlərin üzərindəki psixoloji yükü azaldar”, – R.Nurəliyev bildirib.

O, yüksək bal toplamaq tendensiyasının əsas səbəbinin sosial şəbəkələr və ya cəmiyyətin gözləntiləri deyil, qəbul sistemindəki rəqabət olduğunu vurğulayıb.

“Əsas səbəb qəbul sisteminin çətinliyidir. Rəqabət nə qədər yüksəkdirsə, abituriyent də bir o qədər yüksək nəticə əldə etməyə çalışır. Sosial şəbəkələrin təsiri isə ondan necə istifadə olunmasından asılıdır. Onu düzgün məqsədlə istifadə edənlər fayda görür, vaxt itkisinə çevirənlər isə uğur qazanmaqda çətinlik çəkirlər”, – deyə ekspert əlavə edib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More