Təhlükəli viruslar yayılır: Bu ölkələr risk zonasındadır
İqlim dəyişiklikləri və davamlı isti hava məşhur turizm istiqamətlərində təhlükəli xəstəliklərin sürətlə yayılmasına səbəb olub.
Modern.az xəbər verir ki, İspaniya, Portuqaliya, Fransa, İtaliya və Yunanıstan da daxil olmaqla əsas kurort bölgələrində artıq 1000-dən çox ehtimal olunan və təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
Bu infeksiyalar oynaq zədələnmələrinə, iflicə, görmə qabiliyyətinin itirilməsinə və hətta ölümə səbəb ola bilər. Avropalı həkimləri xüsusilə “Qərbi Nil” virusunun yayılması narahat edir.
Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin rəsmi məlumatlarına görə, bu infeksiya cari yay mövsümündə yenidən yayılmağa başlayıb. Yoluxma halları artıq İtaliyanın Kazerta, Florensiya və Verona əyalətlərində, həmçinin Rumıniya və Şimali Makedoniyada aşkarlanıb.
Təkcə İtaliyada əvvəlki epidemiya mövsümündə bu virus səbəbindən təxminən 38 nəfər dünyasını dəyişib, ölkədə ümumi yoluxanların sayı isə 500 nəfərə çatıb.
Ən yüksək risk qrupunda 50 yaşdan yuxarı, xroniki xəstəlikləri olan insanlar yer alır. Hazırda Qərbi Nil virusuna qarşı xüsusi müalicə və ya peyvənd mövcud deyil.
Bundan əlavə, Cənubi Avropada “çikungunya” virusunun yayılması müşahidə olunur. Bu xəstəlik güclü oynaq və əzələ ağrılarına səbəb olur. Fransa və İtaliyada şübhəli yoluxma hallarının sayı yüzlərlə ölçülür.
Daha az yoluxa hallarına rast gəlinsə də eyni dərəcədə təhlükəli olan “deng qızdırması” hallarına Xorvatiya, Fransa, İtaliya, İspaniya və Portuqaliyada rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilir ki, dünyada hər il “deng” virusuna yüz milyonlarla yoluxma qeydə alınır. İqlimin istiləşməsi səbəbindən xəstəlik daşıyıcıları əvvəllər onlar üçün qeyri-adi hesab olunan yeni coğrafi ərazilərdə məskunlaşmağa başlayır.
Mənbə: Modern.az