Qeyri-neft-qaz sektoruna dövlət investisiyası bərpa edilib: Bu, kifayətdirmi?
Pərviz Heydərov yazır…
Cari ilin birinci yarısı ərzində ölkənin iqtisadi və sosial inkişafına dair yekun göstəricilər bir daha təsdiq edir ki, durğun vəziyyətdən, yəni staqnasiyadan çıxmaq, hərəkətli vəziyyətə keçmək üçün müəyyən çarxlar dərhal işə salınmalı, təkanverici qüvvə rolunda çıxış edən bütün növ amillər təcili şəkildə biri-birinin ardınca dövriyyəyə buraxılmalıdır.
Bunlardan da ən mühümü işgüzar aktivlik məsələsidir. Hansı ki, qeyri-neft-qaz sektorunda əsas nəbz rolunda məhz bu amil çıxış edir.
Bütün şərh və təhlillərimdə yazmışam ki, indiyədək ölkə üzrə ÜDM istehsalını ayaqda saxlayan məhz neft hasilatı faktoru olduğundan, bu sahədə azalma başlayandan ÜDM istehsalının enməsi qarşısını artıq, bir neçə ildir qeyri-neft-qaz sektoru alırdı. Adıçəkilən sektor xüsusən də son illər ərzində yeganə faktora çevrilib. Belə ki, hər rübdə və ildə nə artım baş veribsə və verirsə, bilavasitə qeyri-neft-qaz sektorunun hesabına olub və olur.
Bu il başlayandan isə məhz qeyri-neft-qaz sektoru üzrə istehsalın azalmağa doğru istiqamət götürməsi səbəbindən ölkədə iqtisadi artım dayandı ki, yanvarın yekununa sözügedən sahədə artım 2.3% qeydə alınmışdısa, fevral da daxil bu rəqəm 1.4%, ilk üç aya görə isə 0.2%-ə düşməklə, yanvar-apreldə 0.7% təşkil etdisə də, may da daxil olmaqla 0.4%-ə endi.
Nəticədə yanvar-may aylarında ölkədə 51 milyard 783.8 milyon manatlıq ÜDM istehsal olunmaqla, ötən ilin eyni dövrünə nisbətə 0.0% artım qeydə alındı. Faktiki olaraq staqnasiya, yəni iqtisadiyyatda real artımın dayanması baş verdi.
Düzdür, hökumət nümayəndələri bunun tikinti ilə, bir sıra dövlət investisiya layihələrinin həyata keçirilməsinin yubanması ilə əlaqədar olduğunu bildirdilər.
Dövlət Statistika Komitəsinin aylıq makroiqtisadi göstəricilərinə də diqqət yetirsək, aprel də daxil cari ilin ilk dörd ayı ərzində ölkədə əsas kapitala investisiyaların qeyri-neft-qaz sektoru üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12.4% azaldığını görərik.
May da daxil olmaqla isə bu rəqəm +2.2%-ə doğru dəyişmişdi.
Lakin, iyun ayında sözügedən göstəricinin, yəni qeyri-neft-qaz sektoruna investisiyaların birdən-birə ötən ilin eyni dövrü ilə müqayisədə 5.5% artması nəticəsində cari ilin birinci yarısı üzrə ölkənin qeyri-neft-qaz sektoru 1.5% real artım nümayiş etdirib ki, bu sahədə 45 milyard 596.5 milyon manatlıq əlavə dəyər əldə olunub.
Buna müvafiq olaraq da, ölkədə 65 milyard 207 milyon manatlıq ÜDM istehsal olunmaqla iqtisadiyyat 0.8% artım nümayiş etdirib.
Sual olunur ki, ilin yanvar-aprel aylarında qeyri-neft-qaz sektoruna investisiyalar, hökumət nümayəndələrinin təbirincə desək, bir sıra dövlət investisiya layihələrinin həyata keçirilməsinin yubanması, yaxud da maliyyələşdirilməsi niyə təxirə salınmışdı? Hökumətin bu addımı nə ilə izah oluna bilər?
Hesab edirəm, ilin əvvəlində dövlət investisiya xərclərinə qeyd olunan yanaşma əsasən, bunlarla əlaqədar izah edilə bilər:
1. İnflyasiyadan ehtiyat etmək;
2. Dövlət xərclərinə nəzarət;
3. Layihələrin effektliliyinin yenidən nəzərdən keçirmək;
4. Büdcə gəlirliliyi ilə ayaqlaşmaq və sair.
İnflyasiyadan söhbət açmışkən, ölkədə istehlak qiymətləri indeksi sabit görünsə də Mərkəzi Bank da açıq bəyan edib ki, xarici amillər aktiv xarakter daşıyır. Sürətlə dəyişən qlobal mühitlə əlaqədar dünyada ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ölkəyə idxalın geniş xarakter daşıması və sair kimi amillər xarici risk amillərini bəlkə də bu dəfə daha çox ayaqda saxlayır.
Dövlət xərclərinə nəzarət isə həmişə aktualdır. Elə, müvafiq investisiya layihələrin effektliliyini daimi olaraq nəzərdən keçirmək və dövlət büdcəsinə gəlirlərin mənbələr üzrə dinamikasına uyğun maliyyələşdirmə həyata keçirmək, başqa sözlə desəm, bu sahədə yürüdülən siyasət zamanı balansı qorumaq bununla bağlı məsələlər sayılır.
Ancaq bir nüans var. O da bundan ibarətdir ki, girişdə də qeyd etdim, hərəkətli və daimi dinamik vəziyyətə gəlmək üçün bütün çarxlar işə salınmalı, təkanverici qüvvə rolunda çıxış edən amillərin hamısı dövriyyəyə buraxılmalıdır.
Yəni, nişangahda məsələn yalnız, inflyasiya amilini nəzarətdə saxlamaqla inkişaf etmək olmaz.
Ölkədə qeyri-neft-qaz sektoru üzrə artımı ardıcıl dəstəkləməyə ciddi ehtiyac var. Məsələn, investisiyaya tələb onsuz da lazımi səviyyədə ödənmir. Sektorda kapital çatışmazlığı hökm sürür ki, söhbət, kənd təsərrüfatı, turizm və sair kimi neft-qaz sənayesi məhsullarından asılı olmayan sahələrdən gedir.
Odur ki, qeyri-neft-qazda özəl investisiyalara əslində daha çox ehtiyac var real olaraq. Buna isə məsələn, müvafiq rəqabət şəraitinin yoxluğu, ixrac imkanlarının məhdudluğu, ucuz idxal kimi amil və səbəblər mane olur. Qeyd olunanların sayını bir az da uzatmaq olar, hansı ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalında artım tempini bu gün 5%-dən də aşağı səviyyədə saxlayan məhz bu amil və səbəblər sayılır.
Sözügedən sektorsa təkrar edirəm ki, bütövlükdə ümumi iqtisadi artım üçün yeganə hərəkətverici qüvvə hesab olunur.
Mənbə: Oxu.az