“Roblox” uşaqlar üçün uyğun platforma deyil – Bahar Muradova
Uşağın təhlükəsizliyi kommersiyadan üstündür
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Bahar Muradova bildirib ki, uşaqların formalaşdığı əsas məkanlardan biri artıq rəqəmsal mühitdir və burada onlar dezinformasiya, zorakı məzmun, manipulyativ təsirlər və asılılıq yaradan mexanizmlərlə qarşılaşırlar.
Onun sözlərinə görə, qanun layihəsində 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə qeydiyyatı, valideyn razılığı, yaşın yoxlanılması, fərdi məlumatların qorunması və platformaların məsuliyyəti ilə bağlı mühüm dəyişikliklər nəzərdə tutulur.
“Uşağın rəqəmsal təhlükəsizliyi artıq təkcə ailə məsələsi deyil, dövlətin üzərinə götürdüyü məsuliyyətdir”, – deyə o vurğulayıb.
B. Muradova bildirib ki, Dövlət Komitəsi qlobal platformalarla da müzakirələr aparıb:
“Roblox platforması ilə də danışıqlarımız olub. Mesajımız aydındır — uşağın təhlükəsizliyi kommersiya maraqlarından üstün olmalıdır. Əgər platforma uşağı qoruya bilmirsə, o, uşaqlar üçün uyğun mühit deyil”.
Mənbə: Modern.az
