MİQ-də toplanan bal maaşa təsir edir? – AÇIQLAMA
Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinin qaydaları və təşkili ilə bağlı gələcəkdə yeni dəyişikliklərin edilməsi gözlənilir. Lakin bu dəyişikliklər qəbul olunmazdan əvvəl müəllimlərin mövqeyi öyrənilməlidir.
Bunu AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üztə tədqiqatçı Elmin Nuri Modern.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, son illərdə MİQ qaydalarına bir sıra yeniliklər tətbiq olunsa da, onların hamısı birmənalı qarşılanmayıb:
“MİQ-də iştirakın ödənişli əsaslarla təşkili kimi yeniliklər müəllimlər arasında müxtəlif reaksiyalar doğurdu. Düşünürəm ki, qarşıdakı illərdə müsabiqə qaydalarında daha fərqli dəyişikliklərin şahidi olacağıq. Hazırkı tətbiqlərin bəziləri eksperimental xarakter daşıyır. Amma belə qərarlar qəbul olunarkən prosesin əsas iştirakçıları olan müəllimlərin və müəllim namizədlərinin rəyi mütləq öyrənilməlidir. Bunun üçün kəmiyyət sorğuları və fokus qrupları təşkil olunmalıdır”.
Ekspert hesab edir ki, MİQ imtahanında toplanan balın gələcəkdə müəllimlərin əməkhaqqına təsir etməsi ilə bağlı səsləndirilən təkliflər də ictimai müzakirədən keçməlidir:
“Bu ideya müəllimlər arasında birmənalı qarşılanmayacaq. Bir qrup bunu müsbət qiymətləndirəcək, digər qrup isə etiraz edəcək. Sertifikatlaşdırmada tətbiq olunan diferensial yanaşmanın burada eyni şəkildə işləyəcəyini düşünmürəm. Ona görə də belə qərarlar qəbul edilməzdən əvvəl müəllimlərin fikri öyrənilməli, real mənzərə ortaya qoyulmalıdır”.
Elmin Nuri MİQ-də aşağı bal toplayan müəllimlərin daha çox kənd məktəblərinə göndərilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu yanaşmanın əsas səbəbi regionlarda müəllim çatışmazlığıdır:
“Burada məsələ şəhər və kənd məktəbləri arasında fərq yaratmaq deyil. Reallıq ondan ibarətdir ki, ucqar kənd məktəblərində vakant yerlərə müəllim tapmaq çətin olur. Hətta bəzi məktəblərdə kadr çatışmazlığı səbəbindən pensiya yaşını keçmiş müəllimlər fəaliyyətlərini davam etdirirlər. Belə şəraitdə aşağı bal toplamış müəllimlərin həmin məktəblərə göndərilməsi həm vakant yerlərin doldurulmasına, həm də onların işlə təmin olunmasına xidmət edir”.
Ekspert hesab edir ki, bu kateqoriyadan olan müəllimlərin peşəkar inkişafı üçün əlavə dəstək mexanizmləri yaradılmalıdır:
“Bu müəllimlər üçün il ərzində mütəmadi hazırlıq proqramları və xüsusi təlimlər təşkil edilməli, onların bilik və bacarıqları yenidən qiymətləndirilməlidir. Məqsəd digər həmkarlarından geri qaldıqları istiqamətləri aradan qaldırmaq olmalıdır”.
Mənbə: Modern.az