Aktual Bu gün, 10:18 Lerikin kəndlərində elektrik şəbəkəsi yenilənir – VİDEO
“Azərişıq” ASC Lerikin ən ucqar və mürəkkəb relyefə malik dağ kəndlərində elektrik şəbəkəsinin yenidən qurulması işlərini davam etdirir.
“Azərişıq”dan Modern.az-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma çərçivəsində rayonun bir sıra kəndlərini qidalandıran 10 kV-luq hava xətlərində əsaslı təmir və bərpa işləri aparılır. Meşə zolaqları və çətin keçilən ərazilərdə yeni metal dayaqlar quraşdırılır, elektrik xətləri yenilənir.
Zəruri hallarda köhnə naqillər müasir 10 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN-3) əvəz olunur. Eyni zamanda, yaşıllıq ərazilərində budanma işləri aparılaraq meşə zolaqlarından keçən xətlər üçün təhlükəsizlik dəhlizləri yaradılır.
Bəzi ərazilərdə elektrik dayaqları dağlıq və dağətəyi zonalardan çıxarılaraq yol kənarlarına köçürülür. Məqsəd elektrik itkisini və qəza riskini azaltmaq, əlverişsiz hava şəraitində nasazlıqların operativ aradan qaldırılmasını təmin etməkdir.
Görülən işlər nəticəsində Lerikin Züvüc, Zövnə və Lüləkəran kəndlərinin elektrik şəbəkəsi yenilənib. Lüləkəran kəndində 0.4 və 10 kV-luq metal dayaqlar quraşdırılıb, 0.4 kV-luq ÖİN xətləri çəkilib, 10 kV-luq xətlərdə təmir işləri aparılıb, yeni smart sayğaclar və 2 ədəd transformator məntəqəsi (TM) istifadəyə verilib.
“Azərişıq” ASC-dən bildirilib ki, qurum ölkənin bütün regionlarında, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və əsaslı təmir-bərpa işlərini davam etdirir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin enerji itkilərinin minimuma endirilməsidir.
Mənbə: Modern.az
