Aktual Bu gün, 09:26 Veysəloğlu Şirkətlər Qrupu AYİB-in Riqa Forumunda iştirak edib
Veysəloğlu Şirkətlər Qrupunun nümayəndə heyəti 5–7 iyun 2026-cı il tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 35-ci İllik Toplantısı və Biznes Forumunda iştirak edib.
Modern.az xəbər verir ki, tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu, Baş Maliyyə və İnzibati İdarəetmə üzrə müavin Könül Kərimova, həmçinin Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev iştirak ediblər.
“Qeyri-sabitlikdən çevikliyə – dəyişən dünyada innovativ iqtisadiyyatlar” mövzusuna həsr olunan forum qlobal maliyyə institutlarını, investorları və özəl sektor nümayəndələrini bir araya gətirib. Tədbirdə iqtisadi dayanıqlılıq, investisiya mühitinin inkişafı və özəl sektorun iqtisadiyyatda rolunun gücləndirilməsi məsələləri müzakirə olunub.
Forum çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri AYİB-in birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Greg Guyett, Korporativ Sektor üzrə idarəedici direktoru Jean-Marc Peterschmitt, AYİB-in Azərbaycan üzrə rəhbəri Nataly Mouravidze və direktor müavini Andrius Matiuchinas ilə görüş keçiriblər.
Görüşdə AYİB ilə Veysəloğlu Şirkətlər Qrupu arasında mövcud əməkdaşlıq, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər ölkədə iqtisadi inkişaf, pərakəndə sektorunun iqtisadiyyatda rolu, özəl sektorun dəstəklənməsi, beynəlxalq təcrübələrin tətbiqi, maliyyələşdirmə imkanları və yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində AYİB-in təşkil etdiyi təcrübə mübadiləsi proqramı çərçivəsində Latviyanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan Maxima Latvia şirkətinin rəhbərliyi ilə də görüş keçirilib. Şirkətin baş icraçı direktoru Karolina Zygmantaite və maliyyə direktoru Edmunds Badüns pərakəndə satış sahəsindəki təcrübələrini bölüşüblər.
Qeyd olunub ki, AYİB ilə Veysəloğlu Şirkətlər Qrupu arasında uzunmüddətli əməkdaşlıq münasibətləri tərəflərin strateji hədəflərinə uyğun olaraq genişlənməkdə davam edir.
Mənbə: Modern.az
