Vahid yanaşma məktəblərdə sağlam təhsil mühitini gücləndirəcək
“Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər təhsil sahəsində aparılan islahatların əsas məqsədi məktəblərdə sağlam, təhlükəsiz, nizamlı və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır. Bu kontekstdə təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Müasir dövrdə məktəb yalnız bilik verilən məkan deyil. Təhsil müəssisələri eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış vərdişləri qazandığı, qarşılıqlı hörmət və məsuliyyət hissinin inkişaf etdiyi mühüm ictimai institutdur. Buna görə də təhsil mühitində mövcud olan qaydalar və yanaşmalar yalnız tədris prosesinə deyil, həm də şagirdlərin gələcək həyat bacarıqlarının formalaşmasına təsir göstərir.
Mütəxəssislərin fikrincə, təhsil mühitində vahid yanaşmanın tətbiqi ilk növbədə tədris prosesinə diqqətin daha çox yönəldilməsinə xidmət edir. Məktəbdə əsas məqsəd təhsilalma prosesi olduğundan, diqqəti tədrisdən yayındıra biləcək amillərin minimuma endirilməsi vacib hesab olunur. Bu yanaşma həm şagirdlərin, həm də müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradır.
Təklif edilən dəyişikliklər çərçivəsində təhsil müəssisələrində təhsil mühitinə uyğun olmayan, müxtəlif subkulturaları və cərəyanları simvolizə edən atributların, eləcə də qeyri-rəsmi və ictimai etik normalarla uzlaşmayan geyim elementlərinin minimuma endirilməsi nəzərdə tutulur. Burada məqsəd hər hansı fərdi seçimə münasibət bildirmək deyil, məktəbdə vahid və nizamlı təhsil mühitinin formalaşdırılmasıdır.
Ekspertlər vurğulayırlar ki, təhsil müəssisələrində tətbiq edilən qaydalar cəmiyyətin qəbul etdiyi etik davranış normaları, milli-mənəvi dəyərlər və müasir təhsil prinsipləri ilə uzlaşmalıdır. Məktəb mühiti uşaqların həm akademik, həm də sosial inkişafına xidmət etdiyindən burada formalaşan davranış modelləri gələcəkdə cəmiyyətin ümumi inkişafına da təsir göstərir.
Beynəlxalq təcrübə də göstərir ki, təhsil müəssisələrində vahid yanaşma və müəyyən edilmiş geyim standartları dünyanın bir çox ölkəsində tətbiq olunur. Bu yanaşma məktəblərdə təşkilati nizamın qorunması, sosial bərabərliyin təşviqi və təhsil prosesinin daha sistemli şəkildə həyata keçirilməsi məqsədi daşıyır. Bir sıra ölkələrdə məktəbli formaları və ya müəyyən edilmiş geyim qaydaları uzun illərdir təhsil siyasətinin tərkib hissəsi hesab olunur.
Mütəxəssislər qeyd edirlər ki, vahid yanaşmanın mühüm üstünlüklərindən biri də şagirdlər arasında sosial fərqlərin vizual olaraq qabardılmasının qarşısını almaqdır. Bu, uşaqların diqqətinin daha çox tədrisə yönəlməsinə, məktəbdə bərabər münasibət mühitinin formalaşmasına və sosial təzyiq hallarının azalmasına kömək edir.
Qanunvericiliyə təklif olunan dəyişikliklərin digər mühüm istiqaməti valideyn məsuliyyətinin gücləndirilməsi ilə bağlıdır. Təhsil prosesi yalnız məktəbin deyil, ailənin də birbaşa iştirak etdiyi prosesdir. Buna görə də uşaqların təhsil mühitinə uyğun şəkildə məktəbə hazırlanmalarında valideynlərin rolu xüsusi əhəmiyyət daşıyır.
Təhsil sahəsində həyata keçirilən yeniliklərin izahında əsas diqqət uşaqların maraqlarının qorunmasına, onların sağlam inkişafına və keyfiyyətli təhsil alma imkanlarının genişləndirilməsinə yönəldilir. Bu dəyişikliklər hər hansı qadağa və ya məhdudiyyət kimi deyil, təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi, nizam-intizamın gücləndirilməsi və daha əlverişli təhsil mühitinin yaradılması istiqamətində atılan addım kimi qiymətləndirilir.
Mütəxəssislərin qənaətinə görə, təhsil mühitində vahid yanaşmanın tətbiqi müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə, şagirdlərin tədris prosesinə daha yaxşı inteqrasiyasına və ümumilikdə təhsil sisteminin keyfiyyət göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərəcək.
Nəticə etibarilə, təklif olunan dəyişikliklərin əsas məqsədi məktəblərdə daha nizamlı, təhlükəsiz, etik davranış normalarına uyğun və tədrisə fokuslanan təhsil mühitinin formalaşdırılmasıdır. Bu yanaşmanın mərkəzində isə uşaqların maraqları, onların keyfiyyətli təhsil alma hüququ və sağlam inkişafı dayanır.
Mənbə: Modern.az
