2-ci cəhd magistratura imtahanının yekun nəticələri elan olundu
Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının ikinci cəhdinin yekun nəticələrini açıqlayıb.
Modern.az xəbər verir ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi 17 may 2026-cı il tarixində keçirilib.
Xatırladaq ki, qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələr mayın 20-də açıqlanmışdı. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri də daxil olmaqla yekun imtahan balı təqdim olunub.
Bakalavrlar imtahanda qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse tapşırığı üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.
İştirakçılar yekun nəticələri DİM-in internet səhifəsindən öyrənə bilərlər. Nəticələri həmçinin mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə əldə etmək mümkündür.
Qəbul imtahanında müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” əsasında aparılacaq. Həmin cədvəlin “Magistr” jurnalının növbəti sayında dərc ediləcəyi bildirilib.
DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması məqsədilə iyunun 19-dan etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesinin təşkil olunacağını açıqlayıb.
Apellyasiya komissiyasına müraciət etmək istəyən şəxslər iyunun 17-si saat 10:00-dan iyunun 18-i saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bu müddətdə qeydiyyatdan keçməyən şəxslər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Qeyd olunub ki, bir bakalavrın müraciəti üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Həmçinin yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlərə baxılacaq.
DİM bildirib ki, cavab kartındakı məlumatlar optik qurğu vasitəsilə oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd edilmiş cavablarla bağlı müraciətlər nəzərə alınmayacaq.
Mənbə: Modern.az
