TƏBİB-in təcili yardım motosikletləri və alternativləri – ARAŞDIRMA
İyulun 21-dən təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb.
Ölkədə ilk dəfə motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model hadisə yerinə daha qısa müddətdə çatmağı və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə tibbi müdaxilənin göstərilməsini hədəfləyir.
Xidmət modeli ilkin mərhələdə pilot olaraq Bakı şəhərində tətbiq olunacaq. Həmçinin, “Ambucycle” zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş, xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur.
Bəs dünyada ilk dəfə bu sistem nə zaman və harada yaradılıb?
Modern.az bu barədə araşdırma yazısını təqdim edir:
Tibbi məqsədlər üçün modifikasiya olunmuş ilk motosikletlərin tarixi Birinci Dünya Müharibəsinə dayanır. 1914-1915-ci illərdə Böyük Britaniya, Fransa və ABŞ hərbçiləri yaralıları döyüş meydanından təxliyə etmək üçün bu üsula əl atıblar. Böyük Britaniyanın “Rudge-Multi” və “Zenith”, ABŞ-nin isə “Indian” və “Harley-Davidson” şirkətləri motosikletlərin yan tərəfinə xərəklər bərkidərək onları hərbi təcili yardıma çevirmişdilər.
Müasir mənada, yəni mərkəzləşdirilmiş şəhər təcili yardım motosiklet şəbəkəsi olan “Ambucycle” isə İsraildə “United Hatzalah” (Birləşmiş Xilasetmə) təşkilatının təsisçisi Eli Beer tərəfindən yaradılıb. İlkin konsept 1989-cu ildə sınaqdan keçirilsə də, sistemin kütləvi tətbiqi 2002-ci ildə Qüdslə baş verən terror aktından sonra sürətlənib. Həmin vaxt ənənəvi təcili yardım maşınları tıxacda 1 saatdan çox ləngidiyi üçün xəstələrə vaxtında çatmaq mümkün olmamışdı.
Burada əsas məqsəd isə xəstəni xəstəxanaya aparmaq yox, ənənəvi təcili yardım maşını gələnədək ilk 3-5 dəqiqədə xəstəyə yerində peşəkar müdaxilə etmək və onun vəziyyətini stabilləşdirmək olub.
18-dən çox ölkədə istifadə olunur
Hazırda dünyada 18-dən çox ölkə bu sistemdən aktiv istifadə edir. Bəzi ölkələrdə bu model rəsmi təcili yardım sisteminin daimi hissəsinə çevrilib. Məsələn, İsraildə “uçan təcili yardımlar” adı ilə tətbiq olunur və şəhərdaxili çağırış müddətini orta hesabla 90 saniyəyə qədər endirib. Böyük Britaniyada isə London Təcili Yardım Xidməti (LAS) nəzdində xüsusi motosiklet briqadası fəaliyyət göstərir.
ABŞ-nin Mayami-Deyd dairəsində 2004-cü ildə başlanan pilot layihə 2008-ci ildə büdcə məhdudiyyətləri səbəbindən dayandırılsa da, Niderland, Fransa, Almaniya, Polşa və Avstriya kimi Avropa ölkələrində bu modeldən əsasən magistral yollardakı qəzalara və kütləvi tədbirlərə ilk müdaxilə üçün istifadə olunur. Eyni zamanda Hindistan, İndoneziya, Malayziya və Vyetnam kimi Asiya ölkələrində sıx məskunlaşmış şəhərlərdə və kəskin tıxaclarda baş verən hadisələrə ilkin müdaxilə üçün əlverişli vasitə hesab olunur. Malaivi, Keniya, Uqanda və Cənubi Afrika kimi Afrika ölkələrində isə yol infrastrukturu olmayan kənd yerlərindən hamilə qadınları və ağır xəstələri mərkəzə çatdırmaq üçün üçtəkərli modifikasiyalardan geniş istifadə edilir.
Şərqi Afrika ölkəsi olan Ruandada mobil tətbiq və xüsusi çağrı mərkəzi vasitəsilə işləyən “Ambucycle” xidməti fəaliyyət göstərir. Onların fəlsəfəsi isə belədir: İki təkər, tək missiya: Həyat xilas etmək. Ruandadakı bu xidmət çağırışlara orta hesabla 13 dəqiqəyə çatır. Layihə çərçivəsində artıq 73 təcili çağırışa müdaxilə olunub və hətta 2 körpənin doğuşu baş tutub.

Dünya təcrübəsindəki “Ambucycle”ın xidmətlərinə nələr daxildir?
Tam təchizatlı “Ambucycle”ın daxilində xərək istisna olmaqla standart təcili yardım avtomobilindəki demək olar ki, bütün tibbi avadanlıqlar yer alır. Nəqliyyat vasitəsi ürək ritmini izləyən və kəskin tutmalar zamanı elektroşok verən kompleks EKG, kardiostimulyator və defibrillyator aparatı ilə yanaşı, ürək-damar, tənəffüs, qıcolma və kəskin ağrılara qarşı 52 növ dərmandan ibarət aptek dəsti ilə təmin olunub.
Eyni zamanda, xüsusi təlim keçmiş feldşerlər qanaxmanı saxlayan turnet, sarğı və tənəffüs yolunu açan alətlərlə zəngin travma çantasından, huşsuz xəstələrin tənəffüs yolunu təmizləyən portativ sorucudan və təcili doğuş dəstindən istifadə edirlər. Qanda oksigenin və şəkərin səviyyəsini saniyələr ərzində ölçən cihazlar, eləcə də uşaqlar və körpələr üçün nəzərdə tutulmuş xüsusi pediatrik avadanlıqlar da motosikletin daimi təchizatına daxildir.

İqtisadi üstünlük və effektivlikləri: Niyə məhz bu model?
Sistemin əsas üstünlüyü onun yüksək manevr qabiliyyəti və iqtisadi əlverişliliyidir. İkitəkərli nəqliyyat vasitələri böyük təcili yardım avtomobillərindən fərqli olaraq sıx tıxacları və dar küçələri asanlıqla dəf edə bilir. Bununla yanaşı, tam təchiz olunmuş “Ambucycle” təxminən 35 min dollara başa gəldiyi halda, standart təcili yardım maşınlarının qiyməti 100-200 min dollar arasında dəyişir. Bu da bir avtomobilin qiymətinə təxminən 5 motosiklet almağa imkan verir. Ən mühüm məqam isə kritik xəstəliklər zamanı qazanılan vaxtdır. Məsələn, ürəktutması zamanı vaxtında müdaxilə edilməyən hər dəqiqə üçün xəstənin yaşama şansını 10% azalır. İnsult, ağır travma və kütləvi qəzalar zamanı motosikletlərin hadisə yerinə bir neçə dəqiqə ərzində çatması da məhz ölüm hallarının azalmasına səbəb olur.

“Ambucycle”ın digər alternativ növləri
Bir sıra ölkələrdə ərazisinin relyefindən asılı olaraq təcili yardımın başqa alternativ növləri də formalaşıb. Məsələn, Böyük Britaniya, Niderland və ABŞ-də parklar, hava limanları və piyada zonaları üçün tibbi velosipedlərdən (Bicycle Ambulance) geniş istifadə olunur.

Afrika və Cənub-Şərqi Asiyanın kənd yollarında isə xəstələrin daşınması üçtəkərli “tuk-tuk”lar və ya 4 təkərli ATV texnikaları (Quad Ambulance) vasitəsilə həyata keçirilir.

Venesiya, Banqladeş və İndoneziya kimi su yolları üstünlük təşkil edən bölgələrdə qayıq və kater formalı təcili yardımlar (Boat Ambulance) mövcuddur.

Skandinaviya ölkələri və Kanadanın qarlı-dağlıq ərazilərində isə qar avtomobilləri (Snowmobile Ambulance) xidmət gösterir.

Son illər İsveç və Niderlandda sınaqdan keçirilən təcili yardım dronları (Drone Ambulance) isə insan daşımasa da, ürəktutması zamanı defibrillyator və ya qan paketlərini təcili yardım maşınından daha tez ünvana çatdırmaqla həyat xilas edir.

Mənbə: Modern.az