İnsult və infarkt buna görə artıb – Tanınmış cərrah çağırış etdi

0

Son günlər ölkə ərazisində insult və infarkt hallarının kütləvi şəkildə artması müşahid olunur. İsti hava şəraiti xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib ki, baş verənləri yalnız bir amillə izah etmək doğru olmaz, lakin yay aylarında müşahidə olunan yüksək temperatur və rütubət ürək-damar sisteminə əlavə yük yaradır.

Deputatın sözlərinə görə, isti havanın orqanizmə mənfi təsirləri bilavasitə kəskin tutmalara yol aça bilər:

“İsti havada orqanizm daha çox maye itirir, nəticədə qan qatılaşmağa meyllənir və ürək daha intensiv işləməyə məcbur olur. Bu vəziyyət xüsusilə arterial hipertenziyası, şəkərli diabeti, aterosklerozu, ürək ritm pozğunluğu və digər kronik ürək-damar xəstəlikləri olan insanlarda infarkt və insult riskini kəskin artırır.

Bundan əlavə, elektrolit balansının pozulması, kondisionerli mühitdən kəskin istiyə çıxmaq, fiziki gərginlik və kifayət qədər su qəbul etməmək də riski yüksəldən əsas amillərdəndir. Həkim olaraq deyə bilərəm ki, isti hava bu xəstəliklər üçün ciddi risk faktorudur, lakin yeganə səbəb deyil”.

Rəşad Mahmudov xüsusilə risk qrupuna daxil olan vətəndaşlara çağırış edərək ehtiyatlı olmağı tövsiyə edib:

“Risk qrupundakı şəxslərə günün ən isti saatlarında, xüsusilə günortadan sonra açıq havada uzun müddət qalmamağı, bol maye qəbul etməyi və həkim tərəfindən təyin olunmuş dərmanları müntəzəm istifadə etməyi tövsiyə edirik.

Əgər hər hansı bir şəxsdə sinə ağrısı, nitq pozğunluğu, qol və ya ayaqda qəfil zəiflik kimi əlamətlər yaranarsa, vaxt itirmədən dərhal təcili tibbi yardıma müraciət edilməlidir”.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More